Accessibility links

Azərbaycan mətbuat azadlığı indeksində iki pillə geriləyib, 168-ci yerdə qərarlaşıb


Sərhədsiz Reportyorlar
Sərhədsiz Reportyorlar

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də illik mətbuat azadlığı reytinqini açıqlayıb.

Təşkilat bildirir ki, pandemiya mətbuat azadlığını kölgələyən bir sıra böhranlara işıq salıb, onları gücləndirib.

Hesabatda 180 ölkədəki vəziyyət təhlil edilib. Azərbaycan ardıcıl olaraq bir neçə il əvvəl olduğu kimi, mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb.

Keçən illə müqayisədə Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib.

2019-cu ilin sonlarında KİV-in "baş senzoru" hesab olunan prezidentin müşaviri Əli Həsənovun vəzifədən azad edilməsindən və böyük islahatlar haqqında bəyanatlardan sonra yaranmış ümidlər 2020-ci ilin əvvəllərindəcə puça çıxıb. Həmin vaxt seçkilərdə saxtakarlıqları və müxalifətin mitinqlərini işıqlandıran jurnalistlərin təqibi dalğası başlayıb.

Əsas müstəqil xəbər saytları bloklanıb. Mühacirətdəki jurnalistləri susdurmaq üçün hakimiyyət onların Azərbaycanda qalan ailə üzvlərini təqib edir. Bundan başqa, hakimiyyət Gürcüstanda və Ukraynada azərbaycanlı jurnalistləri həbs edir və Fransada jurnalistlərə qarşı iddia qaldırır.

Ölkə prezidenti 2014-cü ildən etibarən qalan tənqidçilərə qarşı amansız mübarizə aparır. Müstəqil jurnalistlər və blogerlər şantaja və ya rüşvətə boyun əymədikdə əsassız ittihamlarla həbs edilir," hesabatın Azərbaycan haqqındakı hissəsində bildirilir.

Qonşulardan Gürcüstan 28.59 balla 60, Ermənistan 28.60 balla 61, İran 64.81 balla 173, Türkiyə 50.02 balla 154-cü yerdə qərarlaşıb.

Norveç, Finlandiya və Danimarka ən azad mətbuatı olan ölkələr olaraq qalır.

Ən pis vəziyyət Eritreya, Türkmənistan və Şimali Koreyada qeydə alınıb.

Ötən il dünyadakı təmayüllərə gəlincə, diktator, avtoritar və ya populist rejimlərin liderlərinin plüralizm, müstəqil mətbuat olmadan öz iradələrini qəbul etdirmək üçün əllərindən gələni etməsi səbəbindən geosiyasi böhran müşahidə olunur.

Şahin Hacıyev
Şahin Hacıyev

Turan Agentliyinin redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, Sərhədsiz Reportyorlar Təşkilatının medianın durumu ilə bağlı hazırladığı hesabat dəqiq və obyektivdir.

Onun sözlərinə görə medianın durumunda heç bir ciddi dəyişikliklər olmayıb.

“Həmin o fikirləri biz də bölüşürük ki, çox təəssüf ki, gözlədiyimiz reformalar müsbət dəyişiklilər özünü doğrultmadı," deyə o bildirib.

Azərbaycanda media azadlığının, azad sözün boğulmasına dair beynəlxalq qurumlar dəfələrlə narahatlıqlarını bildiriblər.

Hakimiyyət isə bu tənqid və iradları rədd edir, ölkədə media azadlığı daxil olmaqla bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Bu ilin martında Azərbaycan parlamentinin informasiya qanununa etdiyi dəyişiklik ətrafında da oxşar polemika yaranıb. Dəyişikliyin koronavirusla bağlı dezinformasiyanın yayılması ilə mübarizə məqsədilə olunduğu bildirilsə də, ATƏT, yerli ekspertlər onun jurnalistlərin fəaliyyətini əngəlləyəcəyindən narahatlığını dilə gətiriblər.

XS
SM
MD
LG