Accessibility links

Azərbaycan milli azadlıq hərəkatının liderinin ad günü məzarı başında qeyd edilib


Azərbaycan milli azadlıq hərəkatının liderinin ad günü məzarı başında qeyd edilib
please wait

No media source currently available

0:00 0:05:17 0:00

İyunun 24-də mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin anadan olmasının 83-cü illiyi qeyd edilib.

Bu gün Elçibəyin çoxsaylı tərəfdarları, müxalifətdə olan siyasi partiya liderləri, vətəndaş cəmiyyəti təşkilatları, ziyalılar, ictimaiyyət nümayəndələri onun məzarını ziyarət edib.

Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucusu və ilk sədri olub. AXCP sədri Əli Kərimli deyib ki, nəhayətdə Məhəmməd Əmin Rəsulzadə, Elçibəy, Atatürk ideyaları qalib gələcək. O iqtidarı Elçibəy ideyalarına qarşı olmamağa çağırıb.

Əbülfəz Elçibəyin məzarını ziyarət edirlər
Əbülfəz Elçibəyin məzarını ziyarət edirlər

“Əbülfəz Elçibəy Azərbaycan tarixinin nəhəng təşkilatı olan Xalq Cəbhəsinin sağlam təməllər üzərində qurulmasını təmin etdi. AXCP sağlam təməllər üzərində qurulduğuna görə on illərlə davam edən reprerssiyalara sinə gərə bildi. AXCP imkan vermədi ki, Azərbaycan Türkmənistanlaşsın. Əbülfəz Elçibəy demokratiyanın toxumlarını Azərbaycan cəmiyyətinə elə ürəkdən səpib ki, o toxumları yığışdırmağı kimsə bacara bilməz. Bütün bunların hamısı Azərbaycanımızın sabahına ümidi, inamı artırır. Biz, Əbülfəz bəyin özündən nümunə götürərək Azərbaycanın sabahı ilə bağlı bədgüman olmadıq. Onun gerçək ardıcılları olaraq, onun əqidəsinə, onun getdiyi yola sədaqət göstərən insanlar olaraq bir gün də inamımızı itirmədik. Azərbaycan haqq etdiyi o ucalığa qovuşacaq. Torpaqlarını da axıradək azad edəcək, demokratiyasını da quracaq. Vətəndaşına da sahib çıxacaq. Ayaqlar altında tapdalanan ədaləti də, azadlığı da başının üzərinə qaldıracaq. O zaman biz yenidən Elçibəyin məzarı başına gəlib ona hesabat verəcəyik,” Kərimli qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, ötən əsrin əvvəlində Rəsulzadənin liderliyində qurulan Azərbaycan dövləti, əsrin sonunda Elçibəyin liderliyində bərpa edilib.

Əbülfəz Elçibəyin məzarını ziyarət edirlər
Əbülfəz Elçibəyin məzarını ziyarət edirlər

“Elçibəy də Rəsulzadə kimi, yalnız Azərbaycanın istiqlalı üçün yox, həm də demokratik, hüquqi dövlətin qurulması üçün çalışıb. Rəsulzadənin davamçısı olan Elçibəy özünü Atatürkün əsgəri adlandırıb. Atatürk mövhumatçı cəmiyyəti olan ölkədə sivil dünyəvi bir dövlət qurdu. 50 milyonluq Azərbaycan xalqının birlik, bərabərlik simvolu, istiqlalçılıq, türkçülük, azərbaycançılıq, azad insan, azad cəmiyyət simvolu olan Elçibəyi, məhz bu xüsusiyyətlərinə görə hədəf seçənlərdən qorumaq Azərbaycan vətənsevərlərinin borcudur,” o qeyd edib .

Elçibəy hökumətinin baş naziri olmuş Pənah Hüseyn bildirib ki, bu il Elçibəyin ad günü “Demokratiyanın alternativi yalnız demokratiyadır!” şüarı ilə keçirilir.

“44 günlük müharibədən sonra demoktratikləşmə, insanların hürriyəti ilə bağlı Elçibəy hədəfləri yenidən gündəmə gəlib,” o qeyd edib.

İsa Qəmbər Elçibəy hökuməti dönəmində parlamentin sədri olub. O deyib ki, Əbülfəz Elçibəy bütün türk dünyasının, böyük azərbaycan ailəsinin hər bir üzvünün sevimlisidir. İsa Qəmbər hazırki iqitidarın Elçibəylə bağlı fikrilərinin qəbuledilməz olduğunu deyib.

“Elçibəy türk dünyasının, hər bir azərbaycanlının sevimlisi olduğundan ona qarşı mübarizə aparırlar. 28 ildir hakimiyyətə gəliblər. Bunların mübarizəsinə baxmayaraq Rəsulzadə-Elçibəy yolu qalib gələcək,” o qeyd edib.

Əbülfəz Elçibəyin mıəzarı başında himn oxunur
Əbülfəz Elçibəyin mıəzarı başında himn oxunur

Əjdər Tağızadə İran Azərbaycanında anadan olub. O “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədridir. Tağızadə hesab edir ki, Əbülfəz Elçibəy bütöv Azərbaycanın ideya rəhbəridir. Onun fikrincə, Rusiya işğalçıdır. Amma, çalışsa da Azərbaycanı işğal edə bilməz.

“Bir gün gələcək, biz istəsək də, istəməsək də o gün gələcək. Azərbaycanın güneyindən, Dərbənddən, Borçalıdan olan yüz minlərlə insan Rəsulzadə, Elçibəy, Atatürk deyəcək,” o qeyd edib.

Banuçiçək Yusifli Əbülfəz Elçibəyi ziyarət edənlər sırasındadır. O Elçibəy ideyalarının gənclər üçün də önəmli olduğunu deyir.

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyunun 24-də anadan olub, 2000-ci il avqustun 22-də vəfat edib.

Əbülfəz Elçibəy 1980-ci illərdə Azərbaycan xalq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub. O, 1992-1993-cü illərdə Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti olub.

1993-cü ilin iyununda ölkəni qarşıdurmadan xilas etmək üçün Əbülfəz Elçibəy hakimiyyətdən uzaqlaşaraq doğma Kələki kəndinə gedib və orada 4 il 4 ay qaldıqdan sonra Bakıya qayıdıb. Bakıya qayıtdıqdan sonra yenidən Azərbaycan müxalifətinin lideri olub. 1997-ci ildə müxalifətin birləşdiyi Demokratik Konqresə sədr seçilib. Həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG