Accessibility links

Azərbaycan Milli Məclisinin sədr müavininin tənqidinə Elmlər Akademiyası cavab verib


Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun siyasi əqidədaşları arasında qarşılıqlı ittihamlarla dolu qalmaqal davam etməkdədir.

Sentyabr ayında isə Milli Məclisin sədr müavini Adil Əliyev Ramiz Mehdiyevin ünvanına sərt ittihamlar olan müsahibə və bəyanatla çıxış edib.

Adil Əliyev yerli mediaya müsahibəsində bildirib ki, `Ramiz Mehdiyevdə zərrə qədər dövlətçilik şüuru olsaydı, tənqidə dözümlü yanaşar, emosiyalara qapılmadan səhvini etiraf edər və AMEA-nin prezidentliyindən istefa verib istirahətə gedərdi.`

Adil Əliyev
Adil Əliyev

“O isə haqlı iradları süngü ilə qarşılayır,” Əliyev qeyd edib.

Milli Məslisin sədr müavini prezident İlham Əliyevin Mehdiyevə dövlət mükafatı təqdim edərək Prezident Administrasiyasının rəhbərliyindən yola saldığına işarə edərərk bildirib ki, bunun əksinə olaraq o keçmiş missiyasını əldən verməmək üçün iki ayağını bir başmağa dirəyib.

“İddialara inansaq, akademiyada otura-otura yenə özünə bağlı kadrları ölkənin əsas idarəçisi kimi qəbul edir, iclaslar keçirirdi. Dövlət də məcbur olub onunla danışıq tərzini qismən sərtləşdirdi. Bu adam hələ də ona verilən mesajı anlamaq fikrində deyil. Bir çox inzibati tədbirlər də onun bu inadkarlığı səbəbindən baş verdi,” Əliyev deyib.

Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır.
Adil Əliyev, Milli Məclisin sədr müavini

Adil Əliyev 2012-2013-ci illərə qayıdaraq keçmiş deputat Gülər Əhmədovanın həbsinə və bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin rüşvət videolarına işarə edərək bildirib ki, Ramiz Mehdiyev o zaman `cinayətin bütün məsuliyyətini Gülər Əhmədovanın ayağına yazdırdı.`

“Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir. Tarix boyu Azərbaycan kişisi qadınların taleyi müzakirə mövzusuna çevriləndə bir qayda olaraq öz sinəsini qabağa verib onları qoruyub. Hətta ən cinayətkar məxluqlar belə bu yazılmamış qanuna sədaqət göstəriblər. Özünə akademik deyən, xalqa dini kəlamlardan moüzə oxuyan elm xadimi gərək bu məsələdə daha həssas ola...” Əliyev Prezident Administrasiyasının keçmiş rəhbərini ittiham edib.

Adil Əliyev Mehdiyevin bəyanatlarında qurandan gətirdiyi iqtibaslara münasibət bildirərkən onun özü də qurana istinad edərək deyib ki, son nəfəsdə edilən tövbələr qəbul olunmaz.

Ramiz Mehdiyev
Ramiz Mehdiyev

“Sən əgər bu günə qədərki səhvlərini və onların nəticələrini düzəltmək imkanına sahib deyilsənsə, etdiyin tövbənin nə mənası var? Ramiz Mehdiyev son 25 ildə Azərbaycan xalqına vurduğu zərərləri necə kompensasiya etmək istəyir-siyasi hakimiyyətə itaətsizliyi iləmi? Yoxsa Elmlər Akademiyasının elmi məcmuəsi kimi tanınan bir saytı özünün siyasi mülahizələrinin tirajlandığı şəxsi blog səhifəsinə çevirməkləmi? Yeri gəlmişkən, AMEA-nın rəsmi saytında siyasi açıqlamalar verməyin özü də bir cinayətdir, qanun-qayda tanımamaq deməkdir. Ramiz Mehdiyev qanunlara itaətsizliyini bu sahədə də davam etdirir,” Milli Məclisin sədr müavini qeyd edib.

Adil Əliyev həmçinin sentyabrın 19-da verdiyi bəyanatda Milli Elmlər Akademiyasının fəaliyyətini kəskin tənqid edib.

"AMEA-ya hər il on milyonlarla vəsait ayrılır, yüzlərlə akademik, minlərlə professor adını daşıyan insanlar bu elm ocağında fəaliyyət göstərirlər, ortaya isə ciddi heç bir ixtira qoyulmur,” o qeyd edib.

AMEA Adil Əliyevə sentyabrın 22-də cavab verib. Bu qurumun rəsmi internet saytında AMEA YAP ərazi təşkilatı üzvlərinin Azərbaycan Milli Məclisinin deputatlarına müraciəti dərc olunub. Sənəddə sual edilir ki, görəsən Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı?

“Əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb.”

Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır.
AMEA YAP ərazi təşkilatının müraciətindən sitat

Akademiyadakı YAP ərazi təşkilatının üzvləri Milli Məclis üzvlərinin, xüsusilə də YAP-ı təmsil edən deputatların Adil Əliyevin akademiya və alimlər haqqında `məsuliyyətsiz və populist` fikirlərinə münasibət bildirmələrini istəyir.

“Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır. Azərbaycan elminin və fədakar alimlərimizin Milli Məclis kimi mötəbər hakimiyyət orqanını təmsil edən şəxs tərəfindən təhqir edilməsi qəbuledilməzdir,” müraciətdə qeyd edilir.

Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. O vəzifədən kənarlaşdırılarkən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev ordeni” ilə təltif olunub.

2020-ci ilin əvvəllindən başlayaraq yerli mediada Mehdiyevlə bağlı tənqidi məqalələr dərc edilməyə başlayıb. Bu ilin avqustunda COVİD-19 pandemiyası ilə bağlı karantin dövründə Ramiz Mehdiyevin nəvəsinin toy şənliyindən sonra qızının həyat yoldaşı və şənlikdə iştirak edən bir çox şəxslər inzibati qaydada həbs edilib və ya cərimə olunub. Toy şənliyində iştirak edən məmurlar tənqidlərə məruz qalıb və tənqidlər indi də davam etməkdədir.

XS
SM
MD
LG