Accessibility links

Azərbaycan-NATO əlaqələrinin 25 ili tamam olub


Azərbaycan və NATO bayraqları

"25 il bundan öncə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq proqramına qoşulub. 1994-cü ilin 4 mayında prezident Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət etdi və Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzaladı. Həmin vaxtdan etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmasının 25 illiyinə dair bəyanatında deyilir.

Sənəddə deyilir ki, NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir.

“Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür. SNT proqramı şübhəsiz ki, Alyansın ən uğurlu proqramlarından biridir və Azərbaycan Avro-Atlantik təhlükəsizliyin möhkəmləndirilməsində onun rolunu müsbət qiymətləndirir. NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib,” bəynatada qeyd edilir.

Prezident İlham Əliyev və NATO-nun baş katibi-23.11.2017-ci il
Prezident İlham Əliyev və NATO-nun baş katibi-23.11.2017-ci il

Azərbaycan NATO müttəfiq ölkələri tərəfindən tərəfdaşlığının başlanğıcından bəri zirvə bəyannamələrində qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə və münaqişənin məhz bu prinsiplər əsasında həllinə davamlı dəstək nümayiş olunmasını alqışlayır.

Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir.

“Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir.

Azərbaycan NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir.
Xartici İşlər Nazirliyinin bəyanatından sitat

Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə Sülh Naminə Tərəfdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir," sənəddə qeyd edilir.

Azərbaycannın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Belə ki, Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb.

1999-cu ilin sentyabrından Azərbaycanın sülhməramlı taqımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edib.

Hazırda Azərbaycan sülhməramlıları NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratmada iştirak edir.

Azərbaycanın 2004-cü ildə NATO-nun Fərdi Tərəfdaşlıq Əməliyyat Planına (FTƏP) qoşulub.

Əməkdaşlıq dövründə Azərbaycan NATO-nun çoxsaylı təlimlərində, treninqlərində, təhsil və digər proqramlarında iştirak edib, NATO-nun Azərbaycanda onlarla tədbirləri keçirilib. Çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. NATO Azərbaycan ərazilərinin minalardan təmizlənməsinin maliyyələşdirlməsində iştirak edib.

“Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb,” bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin NATO ilə əməkdaşlığı əks etdirən məqaləsində deyilir.

Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Milli Təhlükəsizlik Konsepsiyasında (2007), habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada (2010) əks olunur.

“Müdafiə və təhlükəsizlik sahəsində islahatlarda əsas məqsəd NATO-nun ekspertiza xarakterli yardımı və NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, effektiv və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik sektorunu inkişaf etdirməkdir,” Azərbaycannın Hərbi Doktirinasında deyilir.

Bununla yanaşı, ölkə müxalifəti və bir sıra ekspertlər Rusiyanın təzyiqləri fonunda Azərbaycanın NATO ilə əlaqələrini daha geniş spektrdə həyata keçirmədiyinii bildirir və hökumətin siyasətini tənqid edir. Müxalifət qüvvələri Azərbaycan hökumətini NATO ilə daha aktiv əlaqələrə səsləyir.

XS
SM
MD
LG