Accessibility links

Azərbaycan Ordusu Laçın rayonuna daxil olub


Laçın şəhəri
Laçın şəhəri

Dekabrın 1-dən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya və Azərbaycan Prezidentlərinin, Ermənistan Baş nazirinin üçtərəfli bəyanatına uyğun olaraq Laçın rayonunun Azərbaycan tərəfinə təhvil verilməsinə başlanılıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Laçın rayonu (Bakıdan 414 kilometr cənub-qərb) 1924-cü ildə təsis edilib. Rayonda 1 şəhər (Laçın), 1 qəsəbə (Qayğı), 125 kənd vardır. Laçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Rayon şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun ərazisi 1883 kvadrat kilometr, əhalisi 65430 nəfər olub.

Rayon ərazisi 1992-ci il mayın 18-də erməni silahlı qüvvələrinin nəzarətinə keçib.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları vardır.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam və Kəlbəcər rayonları Azərbaycanın nəzarətinə qaytarılıb. Bu gün isə Azərbaycan Orudusu Laçın rayonuna daxil olub.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Tərəflər razılığa gəlib ki, münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılsın. Bu məqsədlə noyabrın 11-də Rusiya ilə Türkiyə arasında müqavilə imzalanıb. Ankaraya səfər edən Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti və Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 13-14-də Türkiyə-Rusiya Monitorinq Mərkəzinin təşkili məsələlərini müzakirə edib.

Türkiyə Böyük Millət Məclisi bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanda Birgə Monitorinq Mərkəzi qurulmasında iştirakına icazə verib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay bu gün bildirib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcək.

XS
SM
MD
LG