Accessibility links

Azərbaycan Ordusuna dəstək aksiyası zamanı yaranmış insidentlə bağlı günahlandırılanların məhkəməsi başlayıb


Azərbaycan Ordusuna dəstək askiyasından sonra həbs edilənlər barədə diaqram
Azərbaycan Ordusuna dəstək askiyasından sonra həbs edilənlər barədə diaqram

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsinin binasında Bakının Səbail rayon Məhkəməsinin hakim Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cinayət işi üzrə proses başlayıb.

Çinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.

Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirlənirlənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

Bugünkü məhkəmə prosesində vəkillər cinayət işinə xitam verilməsi barədə vəsatətlər verib. Təqsirləndirlən şəxslər özlərini günahkar saymayıb.

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli bildirib ki, cinayət işi siyasi şoudur.

“Cinayət işi bizim siyasi fəaliyyətlimizlə bağlıdır. Məhkəmə prosesi də təzyiqin tərkib hiisəsidir. Bu, sadəcə siyasi şoudur,” o qeyd edib.

AXCP funksioneri Məmməd İbrahim polisin nəzarətinə verildikdən sonra üzərlərinə qoyulmuş elektron qolbaqların çox ağır və narahatedici olduğunu bildirib.

“Elektron qolbağların daha yüngülü ilə əvəz edilməsi barədə vəsatət verdik. Bir də məhkəmənin nəzərinə çatdırdıq ki, cinayət işi siyasi sifarişdir və hər hansı sübut yoxdur,” o qeyd edib.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri `siyasi sifariş` hesab edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

XS
SM
MD
LG