Accessibility links

Azərbaycan Ordusuna dəstək aksiyasından sonra həbs edilən fəalların məhkəməsi davam etdirilib


Aprelin 28-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi şahid və zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Məhkəməsi keçirilən qrupa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər daxildir.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, bugünkü prosesdə Daxili İşlər Nazirliyinin nümayəndəsi zərərçəkən qismində ifadə verib.

“O, bildirdi ki, nazirliynin avtomobil təsərrüfatına ziyan dəyib. Lakin nədənsə dəyən ziyanla bağlı indiyədək mülki iddia qaldırılmayıb. Digər şahidlər də ifadə verdi. Mülki şahidlərin demək olar ki, hamısı azadlığı, toxunulmazlıq hüquqları məhdudlaşdırılaraq polis idarəsində saxlanıldıqları vaxt, yaxud inzibati həbsə alındıqları müddətdə istintaqa ifadə verib. Qanunveiciliyə görə isə şəxsin azadlığı məhdudlaşdrıldığı şəraiftdə şahid kimi prosesə cəlb olunması yolverilməz sayılır. Məhkəmə bununla bağlı vəsatətləri nəzərə almır və həmin şahidlərin ifadələrini sübutlar siyahısından çıxarmır,” Qəhrəmanlı qeyd edib.

Onun dediyinə görə, məhkəmədə məlum olur ki, ifadələr şahidlərə məxsus deyil, müstətiqlər tərəfindən yazılıb.

“Şahidlər məhkəmədə ifadə verərkən məlum olur ki, onların istintaq materiallarında olan ifadələri barədə məlumatları yoxdur. Şahidlər hətta ifadələrində olan sözlərin məzmununu bilmir.”

Qəhrəmanlı bir çox şahidlərin məhkəməyə gəlməkdən imtina etdiyini bildirib.

Növbəti məhkəmə iclası mayın 5-də olacaq.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG