Accessibility links

Azərbaycan Ordusuna dəstək yürüşündən sonra ittiham edilən fəalların məhkəməsi davam etdirilib


Orduya dəstək yürüşü
Orduya dəstək yürüşü

Aprelin 21-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi şahid və zərərçəkənlərin ifadələri ilə davam etdirilib.

Məhkəməsi keçirilən qrupa Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər daxildir.

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib ki, bugünkü məhkəmə iclasında 5 şahid, 2 zərərçəkən ifadə verib.

“Bəlli oldu ki, şahidlərin bəziləri polis bölməsində saxlanılıb və azadlıqları məhdudlaşırıldığı şəraitdə ifadələri alınıb. Vəkillər vəsatət verdi ki, şahid ifadələri qanunvericiliyin tələbləri pozularaq alınıb. Onlar ifadələrini təzyiq alıtnda verib. Bu səbəbdən həmin şahidlərin ifadələri sübutlar sıyahısından çıxarılmalıdır. Lakin sədrlik edən hakim əvvəlki vəsatətlər kimi, bu vəsatəti də təmin etmədi. Polis əmədkdaşları da cinayət işinə daxil edilmiş ifadələri ilə razı olmadı,” Qəhrəmanlı qeyd edib.

Onun fikrincə, ittiham tərəfi istintaqı qeyri-obyektiv, hüquqi dəlillərə söykənmədən aparıb.

“Məqsədləri yalnız saxta əsaslarla ittihamı sübut etmək olub. Məhkəmə zamanı bu ziddiyyətlər aydın görünür,” Qəhrəmanlı qeyd edib.

Növbəti məhkəmə iclası aprelin 28-də olacaq.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları isə bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.

AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.

XS
SM
MD
LG