Accessibility links

Azərbaycan parlamenti 2021-ci il dövlət büdcəsini qəbul edib


Manat
Manat

Dekabrın 29-da Azərbaycan Milli Məclisi 2021-ci il dövlət büdcəsi zərfinə daxil olan qanunları qəbul edib.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18 milyard 14 milyon manat, əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8 milyard 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2 milyard 198,8 milyon manat vəsait yönəldiləcək.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 milyard 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Gələn il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat məbləğində nəzərdə tutulur.

Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədə, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 835,7 milyon manat və ya 7,4 % çoxdur.

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub. Bu, 2020-ci illə müqayisədə 5 ABŞ dolları və ya 14,3 % çoxdur.

XS
SM
MD
LG