Accessibility links

Azərbaycan Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti birgə magistrlər hazırlayacaq


Azərbaycan Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti saziş imzalayıb

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalanıb. Bu barədə Azərbaycan Təhsil Nazirliyi məlumat yayıb.

İmzalanma mərasimində Azərbaycanın təhsil naziri Ceyhun Bayramov, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov iştirak edib.

Məlumatda deyilir ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak edəcək. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, sazişə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasında təhsilin idarə edilməsi istiqaməti üzrə magistratura proqramı təsis edilib.

“Proqrama əsasən 2020-ci ilin sentyabrından ilk seçilmiş 25 gənc bu ikili diplom çərçivəsində magistratura təhsilinə cəlb olunacaq. Proqramın tədrisi iki ildir və tədris ingilis dilində olacaq. Prorqama əsasən 4 ildə 130 nəfər magistrin hazırlanması nəzərdə tutulur. Bu proqram Azərbaycanda təhsil islahatının inkişafına zəmin yaradacaq və Amerika ilə humanitar əlaqələrin dərinləşməsinə köməl edəcək,” nazir qeyd edib.

ABŞ səfiri Li Litzenberger bildirib ki, ABŞ Səfirliyində mühüm prioritet Azərbaycan və ABŞ ali təhsil müəssisələrinin birgə işləməsi üçün yollar tapmaq, iki ölkənin xalqları arasında təmasların həcminin və səviyyəsinin artırılmasıdır.

“Biz inanırıq ki, ingilis dilində ünsiyyət bacarığı uğurlu gələcəyin, yəni qlobal iqtisadiyyatda işləyə bilmək bacarığının və gerçək qlobal vətəndaş olmağın açarlarından biridir. Buna görə də biz ingilis dilinin tıdrisinin təkmilləşdirilməsini bu ölkədə əsas məqsədlərimizdən biri etmişik,” o qeyd edib.

https://www.facebook.com/baku.usembassy/photos/pcb.3670651269619424/3670649606286257/?type=3&theater

XS
SM
MD
LG