Accessibility links

Azərbaycan Premyer Liqası və I divizionun 2 turu azarkeşlərsiz oynanılacaq


Azərbaycanda bir çox kütləvi tədbirlərinin ləğv edilməsindən sonra Azərbaycan Peşəkar Futbol Liqası oyunların azarkeşsiz keçirilməsi ilə bağlı qərar verib. Bununla bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turlarının azarkeşsiz keçirilməsi haqqında əmr imzalayıb. Əmrin mətnini olduğu kimi təqdim edirik.

"Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizəni rəhbər tutaraq əmr edirəm ki, Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turları azarkeşsiz keçirilsin. Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunsun. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etsin."

Əmr martın 10-u imzalanıb.

XS
SM
MD
LG