Accessibility links

Azərbaycan prezidentinin siyasi dialoqla bağlı dedikərinə Milli Şura münasibət bildirib


İlham Əliyev
İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev ölkədə siyasi dialoq barədə fikirlərini açıqlayıb. Bununla yanaşı, o, hakimiyyətin dialoq aparmayacağı qurumları da deyib.

"Yeni mərhələdə biz siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu proses müharibədən əvvəl başlamışdı və hesab edirəm ki, qısa müddətdə yaxşı nəticələr əldə edilmişdi. Özünü siyasi qurum adlandıran antimilli Şura (Demokratik Qüvvələrin Milli Şurasını nəzərdə tutur) istisna olmaqla, demək olar ki, bütün partiyalar dialoqa tərəfdar idilər, təşəbbüsümüzü alqışladılar və bu dialoq artıq baş tutub, tam əminliklə deyə bilərəm ki, heç bir kənar müdaxilə olmadan," Əliyev dünən Yeni Azərbaycan Partiyasının qurultayında bildirib.

Antimilli ünsürlərlə isə biz, əlbəttə, heç vaxt bir masa arxasına keçə bilmərik, çünki onlar xaindirlər, xəyanətkardırlar. Onlar kənardan təlimatlar alırlar. Onların emissarları xarici paytaxtlardadır.
İlham Əliyev, Azərbaycan prezidenti

Onun fikrincə, "ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz". "Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olunmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən onu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin siyasi sisteminin gələcək təkmilləşdirilməsi üçün onun böyük əhəmiyyəti var," Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, Yeni Azərbaycan Partiyasının ölkədə heç bir siyasi qurumla heç bir problemi yoxdur.

"Antimilli ünsürlərlə isə biz, əlbəttə, heç vaxt bir masa arxasına keçə bilmərik, çünki onlar xaindirlər, xəyanətkardırlar. Onlar kənardan təlimatlar alırlar. Onların emissarları xarici paytaxtlardadır. Orada pul alırlar, buraya göndərirlər, insanları çaşdırmaq üçün bizim şanlı qələbəmizə kölgə salmağa çalışırlar," İlham Əliyev deyib.

Milli Şura prezident İlham Əliyevin dediklərinə bəyanatla cavab verib.

Sənəddə deyilir ki, Əliyev artıq bir ildir Milli Şuraya qarşı vaxtaşırı belə nifrət çıxışları edir və hər çıxışından sonra Milli Şuranın fəallarına qarşı repressiya dalğası başlayır.

“İlham Əliyev axırıncı nifrət çıxışı ilə açıq mesaj verdi ki, cəmiyyətin gözləntilərinin əksinə olaraq, ölkədə heç bir islahata, müsbət dəyişikliyə yol açmayacaq, ictimai-siyasi münasibətlərin kəskinləşməsində, cəmiyyətdə qarşıdurma və aqressivliyin yaranmasında maraqlıdır və buna çalışır. Onun bu çıxışını həm də repressiyaların növbəti dalğasına çağırış kimi qiymətləndirmək olar.

Dünyanın demokratik ictimaiyyəti və Azərbaycan xalqı İlham Əliyev hakimiyyətinin yerli və beynəlxalq qanunları belə kobudcasına tapdalamasına, ölkədə klassik diktatura qurmasına səssiz qalmamalı, mümkün vasitələrlə buna müqavimət göstərməlidir.
Milli Şuranın bəyanatından sitat

Əliyev Freedom House təşkilatının insan haqları indeksi üzrə dünyanın 10 ən qeyri-azad ölkəsindən birinə çevirdiyi Azərbaycanı təəssüf ki, bundan sonra da sərt avtoritar üsulla idarə etmək istəyində görünür. Ölkədə 150-dək siyasi məhbus var, siyasi motivli məhkəmə prosesləri davam edir, söz və sərbəst toplaşmaq azadlığı sahəsində bərbad durum olduğu kimi qalır və s. Dünyanın demokratik ictimaiyyəti və Azərbaycan xalqı İlham Əliyev hakimiyyətinin yerli və beynəlxalq qanunları belə kobudcasına tapdalamasına, ölkədə klassik diktatura qurmasına səssiz qalmamalı, mümkün vasitələrlə buna müqavimət göstərməlidir.”

Milli Şura bəyan edir ki, bədəli nə qədər ağır olsa da, Azərbaycanda demokratiya uğrunda mübarizəsindən bundan sonra da bir addım geri atmayacaq.

“Lakin xalqımız da aydın şəkildə dərk etməlidir ki, hazırda demkratik dünyadan tamamilə üz döndərib, yerini dünyanın ən avtoritar rejimləri sırasında bərkitmiş İlham Əliyev hakimiyyətinin qarşısına məhz onun özü çıxmalıdır. Hazırkı mərhələdə yalnız xalqımızın elliklə səyləri ölkəni bu acınacaqlı vəziyyətdən xilas edə bilər. Xalqımız ölkənin həqiqi müxalif qüvvələrinə, vətəndaş cəmiyyətinə daha inamlı və ciddi dəstək verməli, təşkilatlanmağa daha böyük maraq göstərməli, azadlıq və ədalət uğrunda mübarizədə daha kütləvi və fəal iştirak etməlidir. Milli Şura xalqımızı öz taleyinə sahib çıxmaq üçün daha çox təşəbbüskar və inadkar olamağa səsləyir,” bəyanatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG