Azərbaycan Prezident Administrasiyasında 19 nəfər koronavirusa yoluxub.
Bu barədə iyunun 9-da keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Bayramlının sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşı koronavirusa yoluxub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu bildirib.
TƏBİB İdarə Heyətinin sədri deyib ki, Azərbaycan hökuməti 14 iyun saat 00.00-dan 16 iyun saat 6-dək Bakıda və digər iri şəhərlərdə, həmçinin ölkənin bir sıra rayonlarında sərt karantin rejimi elan edib.
Bu müddətdə Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində, həmçinin Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında vətəndaşlara yaşayış və qaldığı yerləri tərk etmək qadağan edilir.
İyunun 15-də Azərbaycanda qeyri-iş günüdür və Milli Qurtuluş Günü qeyd olunur.
Ramin Bayramlının sözlərinə görə, təklif edilir ki, növbəti həftənin cümə və şənbə günü (19 və 20 iyun) sərt karantin tətbiq edilsin.
“Təklif edilir ki, bazar günü vətəndaşların istirahəti üçün saxlanılsın və həmin gün məsafənin qorunması üçün müəyyən məhdudiyyətlər tətbiq oluna bilər".
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov isə bildirib ki, rayonlara gediş-gəliş hələlik gündəlikdə yoxdur.
“Amma daxili uçuşların bərpası gündəmdədir. İyunun 15-dən daxili uçuşların həyata keçirilməsinə başlanılacaq. Dediyimiz kimi daxili uçuşlar ilkin olaraq Naxçıvandan başlanılacaq,” o qeyd edib.
Rəsmi məlumatlara görə, indiyədək ölkədə ümumilikdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, Azərbaycanda koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arası, 18 faizi 30-39 yaş arası, 15 faizi 40-49 yaş arasında olanlardır.
Onun sözlərinə görə, müşahidələr artan dinamikada gənclərin payının çox olduğunu göstərir.
"Gənc yaşda olan insanların virusa yoluxması artıb və onlar xəstəliyi ağır keçirirlər. Əvvəl ağır xəstələr əsasən yanaşı gedən xəstəliyi olanlar idisə, bu gün gənc yaşda olanlar da xəstəliyi ağır keçirir. Bu da evdə özünü müalicəyə cəhd edənlər arasında müşahidə olunur. Qadınlar arasında yoluxma 54 faiz, kişilərdə isə 46 faizdir," o qeyd edib.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.
Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.
Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.