Accessibility links

Azərbaycan prezidenti 625 məhkumu əfv etdi


Bu gün, martın 18-də Azərbaycan prezidenti əfv sərəncamı imzalayıb. Sərəncama əsasən 625 nəfər əfv edilib.

Onların 475 nəfəri azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. 98 nəfərin azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. 3 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin cəzası 25 il müddətinə azaldılıb. 2 nəfər şərti olaraq məhkum edilmiş şəxs cəzadan azad edilib. 3 nəfər azadlıqdan məhrum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər cəzadan azad edilib. 9 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib. 12 nəfər islah işləri cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib. 23 nəfər cərimə cəzasına məhkum edilmiş şəxs cəzadan azad edilib.

AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə bildirib ki, əfv olunanlar arasında 4 nəfər AXCP fəalı var. Hazırda üzərində məhkəmə hökmü olan 3 nəfər AXCP fəalı həbsdə qalır.

“Görünür ki, hökumət hələ siyasi məhbus problemini həll etmək fikrində deyil. Bu fikirdə olsa idi bir sərəncamla problemi bütövlükdə həll etmək mümkündür,” Seymur Həzu qeyd edib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov bugünkü əfv səsrəncamını müsbət addım kimi qiymətləndirir.

“Siyasi məhbus probleminin həlli baxımından bu əfvi orta qiymətləndirmək olar. Çünki, 2019-cu il əfv sərəncamında 52 nəfər əfv olunub. Bu gün isə 38 nəfər siyasi məhbus əfv olunub. Onların 30 nəfəri 2015-vci il Nardaran hadisələri zamanı həsbs edilənlərdir. 3 nəfəri AXCP fəallarıdır. 1 nəfər jurnalistdir. 3 nəfəri 2018-ci ildə Gəncə hadisələri ilə bağlı həbs edilənlərdir, 1 nəfər isə siyasi girovdur. 1 nəfər Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunun qətlində günahladırılan şəxsdir ki, onun ömürlük həbs cəzası 25 ilə endirlib,” hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində bildirirb.

O, əfv sərəncamının ölkədə siyasi məhbus problemini həll etmədiyini bildirib.

“Biz, hüquq müdafiəçiləri müraciətimizdə siyasi məhbus kimi tanıdığımız 86 nəfərin əfv edilməsini xahiş etmişdik. Onlardan yalnız 38 nəfər əfv edilib. Ölkədə siyasi məhbus problemini bütövlükdə həll etmək üçün ilk öncə siyasi məhbus kimi tanınan şəxslərin hamısı azad edilməlidir. Ən başlıca addım kimi isə ciddi şəkildə məhkəmə-hüquq islahatları aparılmalıdır,” hüquq müdafiəçisi deyib.

XS
SM
MD
LG