Accessibility links

Azərbaycan prezidenti: ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik


İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında
İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında

“ABŞ yox idi və biz problemi (Dağlıq Qarabağ problemi nəzərdə tutulur - red.) həll etdik. Biz bu vaxta qədər hələ də yeni administrasiyadan mesaj almamışıq. Heç bir mesaj, sıfır”.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Bakıda ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Prezident Əliyev ABŞ Dövlət Katibi Antoni Blinkenin bir müddət əvvəl Ermənistanın Baş Naziri Nikol Paşinyana zəng etdiyini xatırladıb.

“Cənab Blinken Paşinyana zəng etdi. Onların nə barədə danışdığını bilmirəm, amma balans yenidən pozulur. Mən demirəm ki, biz cənab Blinkendən zəng gözləyirik. Xeyr. Ancaq o həmsədrdir. Onlar ən azından balansa uyğun şəkildə davranmalıdırlar. Beləliklə, biz heç bir mesaj almamışıq. ABŞ-ın yeni hökumətinin bizim regionla bağlı mövqeyinin nədən ibarət olduğunu bilmirik. Mən Prezident Baydendən Novruz bayramı münasibətilə xoş bir məktub aldım, bunun üçün minnətdaram. Ancaq bu, yalnız təbrik mesajı idi,” o, qeyd edib.

ABŞ Dövlət Katibi 5 martda Ermənistan Baş Naziri Nikol Paşinyanla telefon söhbəti aparıb.

Dövlət Departamentinin yaydığı açıqlamada deyilir ki, rəsmilər ABŞ-la Ermənistan arasında “ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulayıblar.”

Blinken qanun aliliyinə, demokratik təsisatlara hörmətini vurğulayaraq Ermənistanda demokratik proseslərə və təsisatlara dəstəyini ifadə edib.

“Dövlət Katibi Dağlıq Qarabağ münaqişəsinə regiondakı insanlara fayda verən şəkildə davamlı siyasi həll yolu tapılması üçün göstərilən səyləri alqışlayıb,” açıqlamada deyilir.

ABŞ prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda prezident Əliyevə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzuladığını ifadə edib.

“Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.

Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır.

Yeni ilin və yeni baharın gəlişi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram,” ABŞ prezidentinin təbrikində deyilir.

XS
SM
MD
LG