Azərbaycan Qarabağ nizamlanması ilə bağlı öz mövqeyini dəyişməyəcək, çünki o, ədalətlidir.
Bu barədə prezident İlham Əliyev iyulun 6-da ölkənin bir sıra telekanallarına müsahibəsində bildirib.
“Bizim mövqeyimiz tarixi ədalət və beynəlxalq hüquqa əsaslanır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik,”, Əliyev qeyd edib.
O, ATƏT-in Minsk Qrupunu tənqid edib.
“ATƏT-in Minsk Qrupu Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatına reaksiya vermir. Bu bəyanat danışıqları pozur və onları mənasız edir,” o bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu Yerevanın Azərbaycandan Dağlıq Qarabağ separatçıları ilə danışıqlara başlamağı tələb edərək danışıqlar formatını dəyişdirmək cəhdlərinə də adekvat cavab verməyib.
“Bu gün faktiki olaraq nizamlanma üzrə danışıqlar yoxdur, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin video-konfransının heç bir mənası yoxdur. Bu, ancaq ATƏT-in Minsk Qrupunun fəaliyyətinin imitasiyasıdır. Əgər danışıqlar predmetli olmasa, biz onlarda iştirak etməyəcəyik,” Əliyev vurğulayıb.
Azərbaycan prezidentinin bəyanatına ATƏT-in Minsk Qrupunun həmsədrləri hələ münasibət bildirmıəyib.
Amerikanın Səsi prezident Əliyevin Dağlıq Qarabağ nizamlanması və Minsk Qrupunun həmsədrlərinin fəaliyəti ilə bağlı dediklərinə ekspert və siyasi müxalifətin fikrilərini öyrənib.
Tofiq Zülfiqarov: Minsk Qrupu işğal qurbanı olan Azərbaycanın problemlərini həll etmək istəmir
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfiqarov Amerikanın Səsinə müsahibəsində bildirib ki, prezidentin bəyanatı çox ciddidir.
“Uzun müddətdir aparılan danışıqların nəticəsiz qalması təbii ki, Azərbaycan ictimaiyyətini çox ciddi şəkildə narahat edir. Bu baxımdan da imitasiya prosesi baş verir, cənab prezident bu bəyanatla xəbərdarlıq edib ki, bu imitasiya prosesi Azərbaycan tərəfini qane etmir. Biz başa düşməliyik ki, Ermənistanın Paşinyan rərhbərliyində verilən bəyanatlarını birmənalı qiymətləndirmək olar ki, onlar danışıqlardan uzaqdırlar. Sadəcə olaraq indiki durumu öz xeyirlərinə dondurmaq istəyirlər. Sonuncu görüşlə bağlı həmsədrlərin bəyanatında da gördük ki, məhz bu istiqamətə önəm verilir. Azərbaycanı maraqlandıran digər məsələlər kənarda qalır. Hesab edirəm ki, həmsədrlərin son bəyanatları nəticəsində yaranan vəziyyətə prezident öz mövqeyini bildirib. Bu mövqe Azərbaycan ictimaiyyətinin mövqeyini əks etdirən bir mövqedir,” o qeyd edib.
Vasitəçilər elə şərait yaradıb ki, danışıqlar problemi həll etmir. İndiki mərhələdə hərbi yoldan ayrı yol görmürəm.Tofiq Zülfiqarov, keçmiş xarici işlər naziri
Keçmiş nazir ATƏT-in Minsk Qrupunun həmsədr institutundan danışarkən deyib ki, əslinə qalsa Minsk Qrupu uzun müddətdir Azərbaycanın problemlıərindən üz döndərib və fəaliyyətsizlik göstərir.
“Bu, göz qabağındadır. Minsk Qrupunun yaranmasının məqsədi ondan ibarət idi ki, işğal olunmuş əraziləri qısa bir müddətdə azad edib Minsk Konfransının açılışı üçün şərait yaratsın. 28 il vaxt keçməsinə baxmyaraq heç bir nəticə əldə olunmayıb. Azərbaycan Minsk Qrupundan üz döndərmir, əslinə qalsa Minsk Qrupunun fəaliyyətsizliyi onu göstərir ki, Minsk Qrupu işğal qurbanı olan Azərbaycanın problemlərini həll etmək istəmir,” Zülfiqarov Amerikanın Səsinə müsahibəsində qeyd edib.
O bildirib ki, münaqişənin həllinin iki yolu var.
“Birincisi, danışıqlar yoludur. İkinci yol güc tətbiq olunması yoludur. Vasitəçilər elə şərait yaradıb ki, danışıqlar problemi həll etmir. İndiki mərhələdə hərbi yoldan ayrı yol görmürəm ,” keçmiş nazir bildirib.
Seymur Həzi: Bu imiclə, bu siyasətlə işğaldan torpaq azad etmək olmaz
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Amerikanın Səsinə deyib ki, İlham Əliyev 17 illik hakimiyyətindən sonra ATƏT-in Minsk Qrupu haqqında bu cür danışırsa, bu ölkə diplomatiyası üçün xeyli təhlükəli məqamları ortaya çıxarır.
Fakt budur ki, torpaqlar işğaldadır və sadəcə bir yolun effektiv olmadığını bilmək üçün Əliyevlərə 17 il, əslində 27 il lazım olursa, bu o deməkdir ki, vəziyyət faciəvidir.Seymur Həzi, AXCP sədrinin müavini
“Deməli, birinci olaraq hakimiyyətin uzun illərdir, uğurla davam etdirdiklərini dedikləri siyasət yalan imiş, ikincisi, biz 17 ildir sadəcə məlum sıfır nöqtəsində niyə gözləmişik və buna kim məsuliyyət daşıyır? Azərbaycanın ATƏT-lə münasibətlərinə yenidən baxması gündəmə gəlsə, o zaman hakimiyyət BMT-nin məlum qətnamələrini əsas tutub addımlar ata biləcəkmi? Bu suallar açıqdır. Qarabağı ATƏT işğal etməyib? Ermənistan işğal edib. Qarabağ ATƏT-in torpaqları deyil, Azərbaycanın torpaqlarıdır. Onlar vasitəçidirlər, işğaldan torpaqları azad etmək, bu istiqamətdə kiminlə necə işləmək siyasiətçilərin, konkret hakimiyyətin problemidir. Fakt budur ki, torpaqlar işğaldadır və sadəcə bir yolun effektiv olmadığını bilmək üçün Əliyevlərə 17 il, əslində 27 il lazım olursa, bu o deməkdir ki, vəziyyət faciəvidir. Ermənistan əlbəttə haqsızıdr. Ədalət bizim tərəfimizdədir.”
AXCP sədrinin müavini hesab edir ki, Azərbaycan münaqişəni həll etmək üçün gərək öz imicini düzəltsin, daxili gücünü artırsın, dünyada öz tərəfdarlarını çoxaltsın ki, onun addımları legitim olsun.
“Məsələn, AXC hakimiyyəti dövründə BMT də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə 134 ölkə səs verdiyi halda 2013-cü ildə bu rəqəm 34 də enmişdi. Bu imiclə, bu siyasətlə işğaldan torpaq azad etmək olmaz,” Seymur Həzi Amerikanın Səsinə deyib.
Arif Hacılı: Minck Qrupunun həmsədrləri konfliktin həll olunmasına yox, konservləşdirilməsinə xidmət edir
Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, İlham Əliyevin Qarabağ probleminin nizamlanmasına dair dediklərində ciddi ziddiyyətlər var.
Təəssüf ki, gerçək vəziyyət İlham Əliyevin təqdim etdiyi kimi deyil. Bacarıqsız idarəçilik, Azərbaycanın bütün dünyada korrupsiyanın əsas məskəni, insan hüquqlarının pozulduğu, siyasi məhbusların olduğu, opponentlərin təqib edildiyi, azad seçkilərinin keçirilmədiyi bir ölkə kimi tanınması, eyni zamanda aparılan yarıtmaz diplomatik siyasət və lobbiçilik fəaliyyəti nəticəsində təşəbbüs tamamilə itirilib.Arif Hacılı, Müsavat Partiyasının başqanı
“O, bir tərəfdən bəyan edir ki, "Azərbaycan müstəqil siyasət aparır və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz." Eyni zamanda, BMT-nin və büyövlükdə dünya birliyinin hakimiyyətin apardığı siyasət nəticəsində Azərbaycanın tərəfində olduğunu təsdiq etmək üçün çoxlu faktlar sadalayır. İlham Əliyevin sözlərindən belə çıxır ki, ərazilərimizin işğaldan azad edilməsi üçün zəruri şərtlərin dairəsi qapanıb. Yəni: - tarixi həqiqət və beynəlxalq hüquq normaları əsasında, - güclü ordumuz vasitəsi ilə, - hərtərəfli beynəlxalq dəstək almaqla, - müstəqil siyasət yeritmək imkanlarımızdan yararlanaraq, Qarabağ problemini qısa müddətdə həll edə bilərik. Əgər Azərbaycan müstəqil siyasət yeridirsə, beynəlxalq birlik də bizim haqlı mövqeyimizi müdafiə edirsə, eyni zamanda Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudursa ərazilərimizin işğaldan azad edilməsinə mane olan nədir? İlham Əliyev Ali Baş Komandan olaraq nəyi gözləyir? Təəssüf ki, gerçək vəziyyət İlham Əliyevin təqdim etdiyi kimi deyil. Bacarıqsız idarəçilik, Azərbaycanın bütün dünyada korrupsiyanın əsas məskəni, insan hüquqlarının pozulduğu, siyasi məhbusların olduğu, opponentlərin təqib edildiyi, azad seçkilərinin keçirilmədiyi bir ölkə kimi tanınması, eyni zamanda aparılan yarıtmaz diplomatik siyasət və lobbiçilik fəaliyyəti nəticəsində təşəbbüs tamamilə itirilib. Haqlı olduğumuz halda, haqsız duruma düşmüşük.”
Müsavat Partiyasının başqanı eyni zamanda hesab edir ki, əslində İlham Əliyevin təqdim etdiyi vəziyyətə nail olmaq mümkündür.
“Vətənpərvərlik ruhunu qaldırmaq və iqtisadi potensialımızdan istifadə etməklə yüksək döyüş qabiliyyətli ordu yaratmaq, demokratik islahatlar və düzgün diplomatik siyasətlə beynəlxalq birliyin etimadını qazanmaq, Rusiyadan mümkün qədər məsafələnib alternativ güc mərkəzlərinin dəstəyini almaqla problemin ədalətlə nizamlaması imkanları kifayət qədər real görünür. Minsk Qrupu həmsədrlər institutu faktiki olaraq danışıqların davam etməsi imitasiyası yaratmaqla konfliktin həll olunmasına yox, konservləşdirilməsinə xidmət edir. Minsk qrupu həmsədrləri sırasında Ermənistanın mövqelərini açıq şəkildə müdafiə edən iki ölkənin - Rusiya və Fransanın təmsilçiləri olduğu halda Azərbaycanın mənafelərini müdafiə edən və ya edə biləcək dövlətlərinin təmsilçiləri yoxdur. Bu fakt nəzərə alınmaqla Minsk qrupu həmsədrləri dəyişdirilməli ya ABŞ, Rusiya, Türkiyə dövlətlərinin təmsilçilərindən ibarət qrup yaradılmalı, ya da mövcud qrupa Türkiyə, Polşa dövlətlərinin təmsilçiləri də əlavə edilməlidir. Bu təkliflər baş tutmasa Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir. Qarabağ probleminin həlli populist şüarlarla, qarşı tərəfin diqtə etdiyi şərtlər əsasında aparılan nəticəsiz "sülh danışıqları" ilə yox, sistemli və prinsipial ümummilli siyasət, dövrün diqtə etdiyi şərtlər daxilində möhkəm siyasi iradə nəticəsində mümkün olacaq,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə bildirib.
Azərbaycan-Ermənistan liderlərinin Münhen debatı
Bundan öncə bu il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında 45 dəqiqəlik panel- müzakirələr keçirilib. Debat hər iki liderin bir-birini ittiham edən tərzdə gərgin keçib.
Prezident İlham Əliyevə bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.
Sualları cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa, Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.
Paşinyan həll yolunun üç tərəfi - Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz əvvəlki tezisini təkrarlayıb.
Sonra o, Əliyevi Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlara çağırıb.
Prezident Əliyev cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan Qarabağ erməniləri ilə danışacaq.
O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.
“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunları çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.
Paşinyan buna cavab olaraq deyib ki, Qarabağ ətrafındakı ərazilər “təhlükəsizlik zonasıdır” və erməni tərəfi bunu “asanlıqla qaytara bilməz”.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.
“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”
Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.
“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.