Accessibility links

Azərbaycan prezidenti həmsədrləri qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev fevralın 21-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib.

Qəbulda Fransadan olan həmsədr Stefan Viskonti, Rusiyadan olan həmsədr İqor Popov, ABŞ-dan olan həmsədr Endrü Şoferdən başqa, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Rəsmi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri cəbhə xəttində (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana Ermənistandan gəliblər. Onlar bundan əvvəl, fevralın 20-də Ermənistan rəhbərliyi ilə görüşərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində görüşüb.

Nəhayət 2019-cu il yanvarın 16-da Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş olub.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin bu görüşü barədə bəyanatında deyilir ki, nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəlib.

Nəhayət 2019-cu il yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub. Görüşdə nizamlanmanın müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG