Accessibility links

Azərbaycan prezidenti: "Biz torpaqlarımızı geri alacağıq"


"Azərbaycan Ordusu Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorazili kəndi, Qışlaq kəndi, Qaracallı kəndi, Əfəndilər kəndi, Sur kəndi və Süleymanlı kəndi işğaldan azad edib."

Bu barədə prezident İlham Əliyev Azərbaycan xalqına televiziya müraciətində bildirib.

Ermənistan rəsmiləri isə məlumatı təkzib edir. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Twitterdə yerləşdirdiyi video-şərhdə Hadrutun erməni qüvvələrinin nəzarətində olduğunu bildirib.

Özünü "Dağlıq Qarabağ Respublikası adlandıran qurumun sözçüsü Vahram Poğosyan Azərbaycan prezidentinin Hadrut barədə açıqlamasını "total yalan" adlandırıb.

İlham Əliyev öz nitqində torpaqların geri alınacağını bəyan edib, eyni zamanda Ermənistan rəhbərliyinə "sonuncu dəfə şans" verildiyini qeyd edib.

“Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə malikdir,” o qeyd edib.

Azərbaycan prezidentinin döyüşlər zamanı məhv edilmiş və qənimət götürülmüş çoxsaylı döyüş texnikası və müxtəlif növ silahların adlarını sadalayıb.

“Azərbaycan Ordusu döyüş meydanında qalib gəlir. Biz öz torpaqlarımız uğrunda döyüşürük. Ermənilər mövqelərini qoyub qaçırlar.”

Dövlət başçısı hesab edir ki, Ermənistan rəhbərliyinin yeganə seçimi Azərbaycan torpaqlarından çıxmasıdır.

Ermənistan Baş Naziri Nikol Paşinyan İtaliyanın La Repubblica qəzetinə müsahibəsində bəyan edib ki, Dağlıq Qarabağın erməni əhalisi genosid təhlükəsi ilə üzləşir və vəziyyətdən çıxış yolu Avropa ölkələrinin özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun müstəqilliyini tanımasıdır.

Müsahibədə Azərbaycanı mülki yaşayış məntəqələrini bombardman etməkdə ittiham edən Paşinyan habelə diqqəti Türkiyənin Azərbaycana hərbi dəstək verməsinə çəkib.

İlham Əliyev Moskvada Rusiyanın təşəbbüsü ilə iki ölkənin xarici işlər nazirlərinin görüşünə işarə edərək deyib ki, “yenə də işğalçıya bəlkə də sonuncu dəfə şans veririk".

Əliyevin fikrincə, cümə günü Moskvada keçirlən görüş bir çox şeylərə aydınlıq gətirəcək.

Moskvada Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan arasında danışıqlar başlayıb. Danışıqların başlıca mövzusu mümkün atəşkəsin şərtləridir.

Prezident Əliyev öz çıxışında Rusiyanın da təmsil olunduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik missiyasına işarə edərək deyib ki, deyirdilər `münaqişənin hərbi həll yolu yoxdur`.

“Mən haqlı çıxdım. 30 illik danışıqlar bir nəticə verdi? Bir santimetr torpaq bizə danışıqlar yolu ilə verildi? Təcavüzkarı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək Azərbaycanın torpaqlarından çıxmağa məcbur etdilər? Yox. Bəs, indi bu məsələ necə həll olunur? Bu, hərbi yol deyilmi? Bu məsələ hərbi yolla həll olunur. Hərbi, sonra siyasi. Bu əməliyyat olmasa idi, onlara zərbələr endirməsə idik, onların dərsini verməsə idik. Moskvaya danışıqlar aparmaq üçün qaçardılarmı?”

Əliyev bir daha xatırladıb ki, “əgər Moskva danışıqlarından sonra saxtakarlıq edəcəklərsə, peşman olacaqlar.”

“Biz torpaqlarımızı geri alacağıq, sülh yolu ilə, ya da müharibə yolu ilə. Biz istəyirik ki, bunu sülh yolu ilə təşkil edək. Sülh yolu ilə bunu alaq. Ermənistana axırıncı şans veririk. Axırıncı şans. Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək.”

Azərbaycan Ordusu döyüşlərin başladığı 13 gündə erməni qüvvələrinin nəzarətində olan Murov dağ silsiləsindəki mövqeləri, Tərtər rayonunun Suqovuşan (Madagiz) qəsəbəsini, Cəbrayıl rayonunu və 20-dən çox kəndə nəzarəti ələ keçirdiyini bildirir.

Erməni rəsmiləri bu açıqlamaları təsdiq etmir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

XS
SM
MD
LG