Accessibility links

Rusiyanın “İsgəndər-M” raketi ilə bağlı cavabı Azərbaycanı qane etmir


Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə məktubuna cavab göndərib. Bu cavab Azərbaycanı qane etmir.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.

“Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir,” Əliyev qeyd edib.

Prezident hesab edir ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın məktubuna tam cavab verməyib.

“Bu, əslində, bizim məktubumuza olan tam cavab deyil. Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir.”

Bununla yanaşı, dövlət başçısı deyib ki, Azərbaycan bir çox məsələləri özü üçün aydın edib.

“Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək.”

O, hesab etdiyini bildirib ki, strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır.

“Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib," Əliyev bildirib.

Azərbaycan prezidentinin son dediklərinə hələlik rəsmi Moskva və Yerevan münasibət bildirməyib.

Aprelin 2-də Azərbaycan Minatəmizləmə Agentliyi 44 günlük müharibə dövründə Şuşa şəhərinə atıldığı güman edilən Rusiya istehsalı “İsgəndər” raketlərinin qalıqlarını nümayiş etdirib.

Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib ki, martın 15-də əməkdaşlar tərəfindən Şuşa şəhərinin iki müxtəlif hissəsində təqribən bir-birindən 780 metr məsafədə iki ədəd partlamış raketin qalıqları aşkar edilib.

"Raketlərə baxış zamanı üzərində olan 9M723 koduna görə bunun “İsgəndər” raketi olduğu müəyyən olunub. Raketin ümumi uzunluğu 7.2 metr, diametri 920 millimetrdir. Raket tam olaraq partlamış haldadır və iki hissədən ibarətdir. Həmin ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir,” o, qeyd edib.

Qərargah rəisinin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, "bu, "İskəndər-M" raketidir".

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan tərəfinin “İskəndər” raketlərinin qalıqlarının tapılması ilə bağlı açıqlamasını bir müddət öncə şərh edərkən deyib ki, bu, Kreml üçün "yeni" məlumatdır.

“Yox, başa düşdüyüm qədər, bu, yeni məlumatdır. Mən bilmirəm, bu, hərbiçilər vasitəsilə məruzə edilib, bizim hərbiçilərin bu barədə hər hansı ətraflı məlumatı varmı. Bu, əlbəttə ki, daha çox onların səlahiyyətinə aiddir”, Peskov Rusiya prezidentinin Azərbaycan tərəfinin Qarabağ münaqişə zonasında Rusiya istehsalı olan “İsgəndər” raketlərinin qalıqlarının aşkar edilməsi haqqında məlumatından xəbəri olub-olmaması barədə suala cavabda bildirib.

Münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunub? Bu dəqiqləşdirici suala Peskov belə cavab verib.

“”İsgəndər”lərlə bağlı məsələni xatırlayırsınız, ki, münaqişə zamanı onlardan istifadə olunmayıb. Bu, təsdiq edilib,” RİA-Novosti agentliyi Peskova istinadən məlumat yayıb.

Fevral ayında yerli telekanala müsahibə verən Ermənistan Baş Naziri Nikol Paşinyan Ermənistanın arsenalında olan və atılan "İsgəndər" raketlərinin yalnız 10 faizinin effektiv olduğunu, çoxununsa partlamadığını söyləmişdi.

Paşinyanın həmin bəyanatı 44 günlük müharibədə ümumiyyətlə "İsgəndər" raketindən istifadə edildiyini danan Rusiyada mənfi reaksiyalarla qaşılanmışdı.

Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin zabiti olmuş Ərəstun Oruclu bildirib ki, Şuşa şəhərinin ərazisində tapılan raket qalıqlarının üzərindəki identifikasiya kodu "İsgəndərin" 'E' deyil, 'M' tipli raketə aid olmasını göstərir.

“Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan "İsgəndərin" Ermənistana satılmış versiyası 'E' (eksport) olub, 'M' tipli "İsgəndərlər" isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. Amma, bunun ardınca Bakı üzərində vurulmuş "İsgəndər" raketlərinin haradan atılması sualı da üzə çıxır. Bunun da cavabı prinsipcə bəllidir, çünki "İsgəndər E" raketinin maksimum uçuş məsafəsinin 250-280 kilometr arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, ötən il noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 kilometrlik məsafə demək idi. Məlumatlı mənbələr İkinci Qarabağ Savaşı dövründə Azərbaycan ərazisinə bir neçə "İsgəndər" atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də hələlik bu haqda rəsmi məlumat yoxdur,” Oruclu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG