Accessibility links

Azərbaycan prezidenti: "Madagiz bizimdir"


“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev özünün rəsmi Twitter səhifəsində yazıb.

AZƏRTAC dövlət agentliyi bildirir ki, prezident həmçinin 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin "işğaldan azad olunması" münasibətilə təbrik edib.

Prezident tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın.

“Hikmət Həsənov prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir,” AZƏRTAC yazır.

Ermənistan tərəfi hələ Madagiz kəndinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiq edib ki, oktyabrın 3-də gecədən başlayaraq qoşunların təmas xəttinin şimal və cənub istiqamətlərində gərgin döyüşlər gedir.

“Dağlıq Qarabağın şimal və cənubunda ağır döyüşlər davam edir. Həmin ərazilərdə iri qüvvə cəmləşdirən rəqib hücuma keçib. Erməni qoşun hissələri hücumun qarşısını alır və Azərbaycan böyük itkilər verir,” Stepanyan bildirib.

Az sonrakı rəsmi sərəncamla Suqovuşan kəndi adlandırılan yaşayış məntəqəsi əvvəllər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə (Mardakert) rayonunun inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürülüb. Madagiz kəndi Tərtər rayonunun inzibati ərazisinə daxil edilib.

Suqovuşan kəndi ilk dəfə 1992-ci ildə Azərbaycan qüvvələrinin nəzarərində olub. 1994-cü ilin aprelində yenidən erməni hərbi qüvvələrin nəzarətinə keçib.

Kəndin ərazisində Sərsəng su anbarı və Madagiz-1 su elektrik stansiyası yerləşir.

Azərbaycan Müdafiə Nazirliyi bu il oktyabrın 2-də gecə ərzində və səhər saatlarında Ağdərə istiqamətində Suqovuşan ətrafındakı hakim yüksəkliklərin ələ keçirildiyini bildirib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG