Accessibility links

İlham Əliyev Moskva paradında iştirak etməyəcək, 75 Azərbaycan hərbçisi parada qatılacaq


İlham Əliyev və Vladimir Putin

İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə telefonla zəng edib.

Azərbaycan preezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəsi bu tədbirdə müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Məlumatda deyilir ki, Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib.

Dövlət başçıları Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıb.

Rusiyanın Azərbaycanla sərhədində uzun müddət vətən buraxılmasını gözləyən Azərbaycan vətəndaşları iyunun 15-də etiraz aksiyası keçirib. Aksiya zamanı etiraz edən Azərbaycan vətəndaşları ilə Rusiya polisi arasında qarşıdurma olub. Rusiya tərəfinin məlumatına görə, bir neçə polis əməkdaşı xəsarət alıb, və polis avtomobilləri dağıdılıb. Rusiya tərəfi insidentlə bağlı cinayət işi başlayıb və 10 nəfər Azərbaycan vətəndaşını şübhəli şəxs qismində saxlayıb. Qeyri-rəsmi məlumatlara görə, yüzədək Azərbaycan vətəndaşı xəsarət alıb. Sosial mediada yayılanvidoelarda görünür ki, azı iki nəfər etirazçı çox ağır xəsarət alıb və həyatları təhlükə altındadır.

XS
SM
MD
LG