Accessibility links

Azərbaycan prokurorluğu Bakı meriyasının keçmiş aparat rəhbərinin həbsinin səbəbini açıqlayıb


Rasim Quliyev

Azərbaycan Baş Prokurorluğu Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevun həbsi ilə bağlı rəsmi açıqlama yayıb.

Prokurorluğun verdiyi məlumata görə BŞİH-in keçmiş aparat rəhbəri Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

“Paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunmuşdur" deyə rəsmi məlumatda qeyd edilib.

Məhkəmənin qərari ilə Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bu məlumata və səslənən ittihama, hələlik, Rasim Quliyvin vəkili və yaxınlarından münasibət almaq mümkün olmayıb.

Rasim Quliyev Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsində 2010-ci il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-nə kimi çalışıb.

2015-ciildə Prezident onu “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG