“Visa Inc.” və “MasterCard Worldwide” kimi beynəlxalq kart təşkilatları separatçı Dağlıq Qarabağda ödəniş kartları vasitəsilə yardımların toplanmasını dayandırıb. Həmçinin işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu da dayandırılıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) “Turan”a məlumat veriblər. Onların sözlərinə görə, bu, palatanın əməkdaşları ilə “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri arasında görüşdən sonra mümkün olub.
“Təşkilatların nəzərinə çatdırılıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları və qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması keçirilir,” palatanın açıqlamasında bildirilir.