Accessibility links

Azərbaycan sülhməramlıları Cənubi Sudana gedəcək


Azərbaycan sülhməramlıları
Azərbaycan sülhməramlıları

Azərbaycan Cənubi Sudana sülhməramlılar göndərəcək.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Birləşmiş Millətlər Təşkilatının mandatı altında Cənubi Sudanda həyata keçirilən beynəlxalq missiyada Azərbaycan sülhməramlılarının iştirakı planlaşdırılır. Azərbaycanın hərbi qulluqçularının 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Müdafiə Nazirliyi göndəriləcək sülhməramlıların sayı barədə məlumat vermir.

Bununla yanaşı, Milli Məclisə təqdim edilən layihədə qeyd olunur ki, BMT sülhməramlıları missiyası tərkibində Azərbaycan Cənubi Sudana 4 nəfərlik heyət (3 zabit, 1 müşahidəçi) göndərəcək.

Azərbaycan hərbi qulluqçuları bundan öncə Kosovoda, İraqda sülhyaratma əməliyyatlarında iştirak edib.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti BMT-nin Əfqanıstandakı sülhyaratma missiyasında iştirak edir.

1956-ci il yanvarın 1-də Sudanda dövlət müstəqilliyi elan edilən vaxt ölkədə Şimal-Cənub qarşıdurması başlayıb. Uzun illər davam edən silahlı münaqişə 1972-ci ildə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sülh müqaviləsinin bağlanması ilə başa çatıb. Müqaviləyə uyğun olaraq, Cənuba daxili idarəetmə məsələlərində muxtariyyət verilib. Lakin 1983-cü ildə yaradılmış Cənubi Sudan Xalq Azadlıq Hərəkatı və onun hərbi qanadı olan Sudan Xalq Azadlıq Ordusu mərkəzi Xartum hökumətinin qüvvələrinə qarşı hərbi əməliyyatları bərpa edib.

20 ildən çox davam edən silahlı qarşıdurma 2005-ci ilin yanvarında Keniyanın paytaxtı Nayrobidə hərtərəfli sülh sazişinin imzalanması ilə nəticələnib. Bu sənəd ölkədə vətəndaş müharibəsinə formal olaraq son qoyulub.

2011-ci ilin yanvarında ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildirib. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən Cənubi Sudanın müstəqilliyini tanıyıb. Buna baxmayaraq regionda silahlı qarşıdurma davam etməkdədir.

BMT Təhlükəsizlik Şurası 2013-cü il dekabrın 24-də Cənubi Sudana sülhməramlı qüvvələr göndərilməsi barədə qərar qəbul edib. Hazırda regionda BMT missiyası altında sülhyaratma əməliyyatlarında 12 mindən çox sülhməramlı iştirak edir.

XS
SM
MD
LG