Accessibility links

Azərbaycan Səhiyyə Nazirliyi əhalini 3-cü doza ilə peyvəndlənməyə çağırır


Azərbaycan Səhiyyə Nazirliyi əhalini 3-cü doza ilə peyvəndlənməyə çağırır.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

Məlumatda qeyd edilir ki, koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir. Bundan əlavə mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır.

Son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiyaya uğramasını nəzərə alaraq. Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

"Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. Xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Qeyd edək ki, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib" - deyə, nazirliyin xəbərində vurğulanıb.

Qeyd edək ki, üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlərdən istifadə oluna bilər".

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilib. Böyük ticarət mərkəzlərinə, ictimai iaşə obyektlərinə, iş yerlərinə COVID-19 pasportu olanlar buraxılır. Oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyət ləğv olunub.

Əlavə olaraq, istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin fəaliyyəti bərpa olunub.

XS
SM
MD
LG