Accessibility links

Azərbaycan sərhədçiləri 4 kiloqramdan çox narkotik götürüb


Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi Xəzər dənizinin cənub istiqamətində su səthində 4 kiloqram 365 qram narkotik vasitə götürüb.

Bu barədə DSX noyabrın 23-də məlumat yayıb.

Prezident İlham Əliyev bu il oktyabrın 15-də bildirirb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 kilometrlik dövlət sərhədi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsib.

"Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb,” dövlət başçısı qeyd edib.

Noyabrın 22-də isə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger vurğulayıb ki, ötən il münaqişədən bəri cənub sərhədlərində (Azərbaycanın İranla sərhədi nəzərdə tutulur-red) narkotik qaçaqmalçılığında artım müşahidə edilib.

"Lakin yaxşı xəbər odur ki, Azərbaycanın gömrük və sərhəd xidmətləri narkotik qaçaqmalçılığı ilə mübarizədə öz imkanlarını daha da gücləndirib. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, onların istifadə etdiyi texnika və ləvazimatı ABŞ təmin edib. Azərbaycanın öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə yardımla bağlı ABŞ-ın proqramı var. Bu texniki ləvazimatların çeşidi genişdir. Həmçinin ABŞ-ın dəstəyinə Azərbaycanın gömrük və sərhəd xidmətlərinin əməkdaşları üçün treyninq proqramları da daxildir,” səfir Litzenberger qeyd edib.

Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Azərbaycan gömrükçüləri sonuncu dəfə bu il noyabrın 15-də İrandan gətirilən böyük partiya, - 218 kiloqram heroinin dövriyyəsinin qarşısını alıb.

Bundan bir neçə gün öncə isə gömrük əməkdaşları İrandan gətilirilən ümumi çəkisi 622 kiloqramdan artıq olan heroinin ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG