Accessibility links

Dövlət Sərhəd Xidməti: İranla sərhəddə iki sərhəd pozucusu zərərsizləşdirilib


Azərbaycan sərhədçiləri İran-Azərbaycan sərhədində iki sərhəd pozucusunu zərərsizləşdirib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, martın 19-da Beyləqan rayonunun (Bakıdan 291 kilometr cənub-qərb) 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd xəttində 2 nəfər naməlum şəxs İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozub və əmrə tabe olmayaraq sərhədçilərə atəş açıb. Bu zaman sərhədçilər silah tətbiq edərək hər 2 sərhəd pozucusunu zərərsizləşdirib. Sərhəd pozucu­larının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunub.

Hadisə yerində ümumi çəkisi təqribən 61 kiloqram olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunub.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini Nicat Miriyev ve 2-ci Şahsevən kənd sakini Elşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Mətbuat Mərkəzi bildirir ki, İran sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İran vətəndaşları olmaları müəyyən edilib.

Məlumatda deyilir ki, martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirib, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif edib.

Bununla yanaşı, İran tərəfi və sərhəd pozucusu kimi təqdim edilən şəxslərin yaxınları Azərbaycan Sərhəd Xidmətinin məlumatına hələ münasibət bildirməyib.

Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır. Hüquq- mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən və Avropa ölkələrinə daşınması nəzərdə tutulan tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.

Eyni zamanda dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib.

2019-cu il ərzində və bu il iki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, bu il İranla sərhəddə silahlı insident zamanı bir neçə nəfər ölüb və ya yaralanıb.

XS
SM
MD
LG