Accessibility links

Azərbaycan sərhədçisi həlak olub


Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqa­mətində Azərbaycan sərhədçisi həlak olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətinin məlumatına görə, martın 5-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi pozulub.

“Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi (Bakıdan 530 kilometr qərb) yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Paşazadə yaralanıb, dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun qətlə yetirilməsi cinayətinin məsuliyyəti Ermənis­tanın hərbi-siyasi rəhbərliyinin üzərindədir,” Dövlət Sərhəd Xidməti bildirir.

Ermənistan tərəfi hələ sərhəddə baş verən gərginliklə bağlı məlumat yaymayıb.

Son bir neçə ayda Azərbaycanın dövlət sərhədinin bu istiqamətində gərginlik davam edir. Belə ki, son aylarda Qa­zax rayonunun Quşçu Ayrım kəndi isiqamətində 3 sərhədçi və bir mülki vətəndaş həlak olub. Bundan öncə gərginlik bu il fevralın 24-də baş verib.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2019-ci ildə Ermənistan ilə dövlət sər­hədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində döyüş postlarının Müdafiə Nazirliyindən təhvil alındığını bildirib.

“Burada Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. İl ərzində bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 kilometr məsafədə qoruyucu val sədləri və 92 kilometr məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib”, o qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG