Accessibility links

Azərbaycan sərhədi pozan erməni hərbçilərini ölkədən çıxardığını bildirir, erməni tərəfi məlumatı təkzib edir


Azərbaycan Müdafiə Nazirliyi 40-a yaxın erməni hərbçinin çərşənbə axşamı günü Azərbaycan ərazisinə daxil olduğunu və ölkə ərazisindən çıxarıldığını bildirib, erməni tərəfi bu məlumatı rədd edib.

"İyunun 1-də 40-a yaxın erməni hərbçi Kəlbəcər rayonunda Azərbaycanın sərhəddini pozaraq Armudlu kəndi istiqamətində 400 metr irəliləyib. Onlar 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu coğrafi koordinatlarında mövqe tutublar. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində erməni hərbçilər ölkə ərazisindən çıxarılıb", Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə mətbuat xidmətinin iyunun 2-də yaydığı məlumatda bildirilib.

Məlumatda deyilir ki, Ermənistan hərbçilərinin ölkə ərazisindən çıxarılması zamanı silah tətbiq edilməyib.

“Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə erməni tərəfin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədi güdür. Azərbaycanın dövlət sərhəddinin pozulmasının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli, regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir,” məlumatda deyilir.

Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi dezinformasiya yayıb.

“Guya 40 erməni hərbçisi sərhədi keçib, bundan sonra Azərbaycan Silahlı Qüvvələri onları əvvəlki mövqelərinə çəkilməyə məcbur edib. Görünən budur ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi dünya ictimaiyyəti arasında Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti gərginləşdirmək cəhdləri təəssüratı yaratmaq üçün bu cür dezinformasiyaları dövriyyəyə buraxır," nazirlik bildirir.

Hər iki ölkə keçən ay bir-birini ayrı-ayrı insidentlərdə sərhədə qoşun yeritməkdə günahlandırıb.

Rəsmi məlumatlara görə, mayın ortalarından başlayaraq iki ölkənin sərhədlərində insidenlər qeydə alınır. Mayın 27-də Azərbaycan tərəfi sərhədi pozan 6 erməni hərbçisini əsir götürdüyünü bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqladığı bəyanatda Birləşmiş Ştatların Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhəddə baş verən son hadisələr, o cümlədən bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən saxlanmasından narahatlığını bildirib. Dövlət Departamentinin sözçüsü ABŞ-ın hər iki tərəfi insidenti dərhal sülh yolu ilə həll etməyə çağırdığını bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, "Birləşmiş Ştatlar tərəfləri Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmaq üçün mümkün qədər tez bir zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında substantiv danışıqlara qayıtmağa çağırır.”

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG