Accessibility links

Azərbaycan sərhədini pozan İran vətəndaşı yaralanıb


Aprelin 16-da Azərbaycan-İran sərhəddində sərhəd pozucularına atəş açılıb, bir nəfər yaralanıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin aprelin 19-da yaydığı məlumata görə, Füzuli rayonunun Qazaxlar kəndi ya­xın­lığında İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan zaman İran vətəndaşları Feyzi Yaser Nəriman və Hüseynpur Seccad Həsən saxlanılıb.

Məlumatda deyilir ki, saxlanılan şəxslər əmrə tabe olmadıqları üçün sərhədçilər tərəfindən atəş açılıb və Feyzi Yaser Nəriman qolundan yüngül yaralanıb.

“Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla Azərbaycana keçirmək istədiyi 2 ədəd bağlamada 1159 ədəd həb və 78 ədəd “Costed Mikro Politedve” markalı aparata oxşar əşya aşkar olunaraq götürülüb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sərhəd pozucuları ilə əlbir olaraq dərman preparatlarını qarşılamaq məqsədi ilə əraziyə gəlmiş Azərbaycanın Füzuli rayon sakini Elşən Hüseynov və Ağdaş rayon sakini Ülvi Sadəddinov saxlanılıb,” Dövlət Sərhəd Xidməti bildirir.

İran tərəfi və saxlanılan şəxslərin ailə üzvləri, vəkilləri hələ Dövlət Sərhəd Xidmətinin məlumatına münasibət bildirməyib.

Xatırladaq ki, Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaları əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gəitirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi vəfat edib və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

XS
SM
MD
LG