Accessibility links

Azərbaycan sərhədlərin açılması üçün proqram hazırlayır


Koronavirus
Koronavirus

“Sərhədlərin açılması və uçuşların bərpası üçün proqram hazırlanır.”

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün, mayın 22-də keçirdiyi brifinqində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, proqramda müvafiq qrafiklər öz əksini tapacaq.

“Bu proqram yaxın günlərdə tam hazır olandan sonra elan ediləcək. Bu gün İstanbuldan gələn təyyarə Bakıya enəcək. Təyyarədə 174 sərnişin olacaq,” Məmmədov deyib.

Mətbuat Xidmətinin rəhbəri, Rusiya-Azərbaycan sərhədində toplaşan Azərbaycan vətəndaşlarının yaxın günlərəd ölkəyə gətiriləcəyini bildirib.

"Bəli, bununla bağlı hər iki dövlət tərəfindən müvafiq iş aparılır. Mayın 19-da artıq ölkəmizə 120 nəfər keçirilib. Növbəti həftədə xüsusi reys vasitəsilə həmin vətəndaşların ölkəmizə təxliyəsi gözlənilir. Həmin şəxslər “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Bu həm də onların təhlükəsizliyi üçün yaxşıdır,” Məmmədov qeyd edib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı karantin tədbirlərindən danışarkən bildirib ki, toy və digər kütləvi tədbirlərin keçirilməsinin bərpası iyun ayı üçün də nəzərdə tutulmur.

“Hazırda 10 nəfərin kütləvi toplanması qadağandır. Bunun epidemioloji səbəbləri var.”

Martın 14-dən Azərbaycanda koronavirusla bnağlı bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

XS
SM
MD
LG