Accessibility links

Azərbaycan Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən şəxsləri həbs etdiyini bildirir


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Suriyada silahlı münaqişə aparan terror təşkilatının üzvlərini və onları maliyyələşdirən şəxsləri saxladığı barədə məlumat yayıb.

“Azərbaycan vətəndaşları İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib”, DTX-nin İctimai əlaqələr şöbəsinin məlumatında qeyd edilir.

Məlumatda deyilir ki, həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə iştirak etmə), 283-1.3 (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.

DTX həbs edilən şəxslərin fotolarını da yayıb.

Bununla yanaşı, həbs edilən şəxslərin yaxınları və ya vəkilləri ittihamlara hələ münasibət bildirməyib.

Rəsmi şəxslərin dediyinə görə, 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub.

Dövlət Təhlükəsizlik Xidməti terror təşkilatlarına qoşulanların çoxunun öldürüldüyünü bildirib.

Onların 90 nəfərdən çoxu 84 Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son illər 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb.

Qeyri-rəsmi məlumatlara görə, terror təşkilatına qoşulan azərbaycanlıların sayı dəfələrlə çoxdur.

XS
SM
MD
LG