Accessibility links

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib


Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirlib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

İclasının yekunlarına dair Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.

Ekspertlərin fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq daha da genişlənməlidir. Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.

Hazırda iki ölkə arasında hərbi əməkdaşlığa hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Məhz bu baxımdan tərəflər o fikri bölüşürlər ki, perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.

Eyni zamanda, Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin həmişə diqqət mərkəzində saxlayır.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

XS
SM
MD
LG