"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir."
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda Ermənistan qüvvələri atəşkəsi müntəzəm pozmaqda, pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqində ittiham olunur.
Erməni tərəfi Azərbaycanı 13-19 sentyabr tarixlərində 295 dəfə atəşkəsi pozmaqda ittiham edib.
Rəsmi Bakı erməni qüvvələrə məxsus bir PUA-nın vurulduğunu, həmçinin bir Azərbaycan hərbçisinin həlak olduğunu bildirib.
Ermənistan tərəfi hələlik PUA-nın vurulduğunu təsdiqləməyib.
Bazar ertəsi Ermənistanda Müstəqillik Günü qeyd olunur. 1991-ci il 21- sentyabrda keçirilmiş referendumda ermənilər 94.99% səslə Ermənistanın SSRİ-dən ayrılmasına səs vermişdilər.
Müstəqillik Günü münasibətilə çıxış edən baş nazir Nikol Paşinyan ölkəsinin ordusunun səmərəliliyini artırmağı və kəşfiyyat xidmətinin dünyanın 10 ən effektiv kəşfiyyat agentliklərindən birinə çevrilməsini planlaşdırdığını bildirib.