Accessibility links

Azərbaycan və Ermənistan şiddətli döyüşlərin davam etdiyini bildirir


"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Azərbaycan Prezidenti İlham Əliyev Tvitterdə yazıb.

Ermənistan rəsmiləri Azərbaycan tərəfinin son açıqlamasını təsdiq etməyib.

Əliyevin son açıqlaması oktyabrın 14-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərgin durumun davam etdiyi vaxta təsadüf edir. Belə ki, oktyabrın 10-da humanitar atəşkəslə bağlı razılığa gəlinməsinə baxmayaraq tərəflər şiddətli döyüşlərin davam etdiyini bildirir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 14-də Ermənistan tərəfindən Azərbaycanın Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir-neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

“Bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir. Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi tərəfimizdən zərərsizləşdirilib. Bildiririk ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür,” nazirliyin məlumatında deyilir.

Cəbhə xətti
Cəbhə xətti

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovanisyan Qarabağda müxtəlif istiqamətlərdə qarşılıqlı artilleriya zərbələrinin davam etdirildiyini bildirib.

“Oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri cəbhənin bütün istiqamətlərində hücuma keçib. Şimal istiqamətində şiddətli döyüşlər olub. Bu, müharibə başlayandan bəlkə də ən ağır qarşıdurma idi. Yalnız bir yerdə cəsədlərin dəyişdirilməsi başladı, lakin o da həmin anda atəşkəs pozulduğundan dayandırıldı. Biz yalnız bir neçə cəsəd götürə bildik,” o, qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

“Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Səhər saatlarından başlayaraq Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır,” Azərbaycan Müdafiə Nazirliyinin məlumatıda deyilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın sözlərinə görə, özünü Qarabağın “müdafiə ordusu” adlandıran hərbi qurum oktyabrın 12-də Azərbaycanın SU-25 hücum təyyarəsini vurub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti bu xəbəri təkzib edib.

“Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb,” mətbuat xidmətinin məlumatında deyilir. .

Ermənistan Müdafiə Nazirliyi eyni zamanda bildirir ki, oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisində, Kəlbəcər yaxınlığında döyüş növbətçiliyi zamanı istifadə olunan hərbi texnikaya, bu texnikanın guya Azərbaycanın dinc yaşayış məntəqələrinə zərbə endirməyə hazır olduğu fərziyyələri əsasında zərbələr endirib.

"Azərbaycan Müdafiə Nazirliyinin bəyanatının heç bir əsası ola bilməz. Əslində bu ölkənin hərbi-siyasi rəhbərliyi yalnız fərziyyələr əsasında Ermənistan ərazisində yerləşən və döyüş vəzifəsini yerinə yetirən texnikanı hədəf almağa icazə verib," Ermənistan Müdafiə Nazirliyi bildirir.

Nazirlik zərbə nəticəsində ölən və yaralananın olmadıönı bildirir.

“Ermənistan Müdafiə Nazirliyi bu günə qədər Ermənistan ərazisindən Azərbaycan istiqamətində heç bir raket, mərmi və ya güllə atılmadığını təsdiq edərək, Ermənistan Silahlı Qüvvələrinin bu məntiqə əsaslanaraq Azərbaycan ərazisində hər hansı bir hərbi obyekti və ya hərbi texnikanı hədəf almaq hüququnu özündə saxlayır,” bəyanatda qeyd edilir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir.

“Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir. Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur.“

Onun sözlərinə görə, oktyabrın 11-də Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket Ermənistanın ərazisindən atılıb.

Hacıyev deyib ki, Ermənistanın operativ-taktiki ballistik raket sistemləri bu gün, oktyabrın 14-də səhər saatlarında start vəziyyətinə gətirilərək Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini yenidən hədəfə alıb.

“Mülki insanların həyatını xilas etmək üçün qabaqlayıcı zərbə ilə atəşə hazır olan bu legitim hərbi hədəflər olan raket kompleksləri zərərsizləşdirilib. Ermənistanın müdafiə nazirliyi özü də bu raketlərin döyüş hazırlığına gətirildiyini etiraf etmək məcburiyyətində qalıb,” o qeyd edib.

Prezidentin köməkçisi deyib ki, bu gün səhərdən Azərbaycanın Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır.

“Bir nəfər həlak olub. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində 8 nəfər mülki şəxs yaralanıb. 100-dən çox mərmi atılıb. Yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də vardır. Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsini hüququnu özündə saxlayır,” Hacıyev bəyan edib.

Cəsədlərin dəyişdirilməsi
Cəsədlərin dəyişdirilməsi

Ermənistanın rəsmi mənbələri oktyabrın 12-də açıqladığı son siyahıya görə 516 hərbiçisi döyüşlər zamanı həlak olub.

Azərbaycan tərəfi hələ hərbi tikiləri ilə bağlı məlumat yaymayıb.

Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, oktyabrın 11-də Azərbaycanın Gəncə şəhərinin artilleriya atəşinə tutulması nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Ümumilikdə sentyabrın 27-dən indiyədək Azərbaycanın 43 mülki vətəndaşı həlak olub, 214 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan tvitter səhifəsində yazıb ki, sentyabrın 27-dən inidyədək 31 dinc sakin həlak olub, 106 nəfər yaralanıb. Bundan öncə o, 25 mülki şəxsin həlak olduğunu bildirmişdi.

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada imzaladığı atəşkəs razılığı 10 oktyabrda qüvvəyə minib. Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin məqsədi tərəflər arasında cəsədlər və əsirlərin mübadiləsinə şərait yaratmaqdır.

ABŞ Dövlət Katibi Mayk Pompeo oktyabrın 13-də tərəfləri atəşkəsə riayət etməyə çağırıb.

"Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəsə müvafiq öhdəliklərini yerinə yetirməyə və Gəncə və Stepanaket kimi mülki əhali yaşayan zonaları hədəf almağı dayandırmağa çağırır. Biz insan həyatı itkilərini qınayırıq və dinc həll yoluna sadiq qalırıq," Mayk Pompeo bildirib.

Münaqişənin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 13-də yayadığı birgə bəyanatda mülki itkilərin bütün hallarda qəbuledilməz olduğunu vurğulayıb.

“Həmsədrlər tərəfləri cəsədlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıb və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət edib.”

Həmsədrlər qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi oktyabrın 10-da bildirib ki, öldürülənlərin cəsədlərinin təhvil verilməsinə və məhbusların sərbəst buraxılmasına kömək etməyə hazırdır.

‘Tərəflər öz aralarında format barədə razılığa gəlməlidir. Onlarla davamlı müzakirələr, təkliflərin mübadiləsini aparırıq. Əməliyyatın başlaması üçün maddi-texniki tənzimləmələr aparılmalı və komandalarımızın təhlükəsizliyi təmin edilməlidir.”

Beynəlxalq Qırmızı Xaç Komitəsi proqnozlaşdırır ki, bölgədəki ən az on min insanın yaxın bir neçə ay ərzində dəstəyə ehtiyacı olacaq.

“Bu məqsədlə əlavə 9,2 milyon İsveçrə frankına təcili müraciət etdik və artıq hökumətlərdən səxavətli ianələr almağa başladıq, buna görə çox minnətdarıq,” təşkilatın bəyanataında deyilir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Ağdamda raket zəbəsinə məruz qalmış ev
Ağdamda raket zəbəsinə məruz qalmış ev

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədininn Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

Şərhlərə bax

XS
SM
MD
LG