Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında ağır döyüşlər gedir


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada Rusiyanın vasitəçiliyi ilə imzaladığı atəşkəs razılığının oktyabrın 10-da qüvvəyə minməsinə baxmayaraq, qoşunların təmas xəttində ağır döyüşlər davam etdirilir. Rəsmi hərbi mənbələr hər iki tərəfin itkilər verdiyini bildirir.

Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan hərbi qüvvələrinin cəbhə xəttində uğurlar qazandığını bəyan edib.

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" - Əliyev Twitter hesabında yazıb.

Ermənistan rəsmiləri həmin açıqlamanı təsdiq yaxud təkzib etməyib.

Ermənistanın hərbi rəsmiləri cümə axşamı yaydıqları açıqlamada ötən gün ərzində 49 hərbçinin öldüyünü və ümumi itkilərin 604-ə çatdığını bildirib.

Azərbaycan hərbi rəsmiləri cəbhə xəttində ölən və yaralananların sayı haqda açıqlama vermir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.

“Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir. Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır,” Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsidə yazıb ki, gecə ərzində münaqişə zonasında vəziyyət sabit-gərgin olaraq qalıb.

“Oktyabrın 15-də səhər tezdən başlayaraq cəbhənin şimal və cənub-şərq hissəsində Azərbaycan tərəfinin artilleriya atəşi bərpa edilib,” Stepanyan qeyd edib.

Ermənistan Müdafiə Nazirliynin rəsmi nümayəndəsi Artsrun Hovanisyan Facebook səhifəsində yazıb ki, son iki gündə Azərbaycan döyüş taktikasını dəyişdirib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri erməni qüvvələrinin bir neçə mövqeyinə intensiv hücumlar edib, amma müvəffəqiyyət əldə edə bilməyib.

"Dünən və bu gün, (oktyabrın 13-14-də) ağır artilleriya atəşi altında, praktiki olaraq zirehli texnika olmadan, Azərbaycan qoşunları davamlı olaraq bir neçə döyüş mövqeyimizə sıx kolonlarla hücum etdi. Lakin böyük itkilər verdikdən sonra geri çəkildi. Bəzi yerlərdə Azərbaycan tərəfinin itkiləri ilk günlərin itkilərini üstələyir," o, qeyd edib.

Hovanisyan oktyabrın 15-də günortadan sonra Facebook səhifəsində yazıb ki, cəbhənin cənub cinahında qızğın və şiddətli döyüşlər gedir.

Mülki itkilərə gəlincə, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabında yazıb ki, oktyabrın 15-də Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub. Qeyd edək ki, yaralılardan daha biri vəfat edib və həlak olanların sayı 4 nəfərə çaıb.

“Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlak olub. 4 nəfər isə yaralanıb. Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır,” Hcıyev qeyd edib.

Azərbaycan Baş Prokuroru bildirib ki, oktyabrın 11-də Azərbaycanın Gəncə şəhərinin artilleriya atəşinə tutulması nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Ümumilikdə sentyabrın 27-dən indiyədək Azərbaycanın 47 mülki vətəndaşı həlak olub, 219 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan tvitter səhifəsində yazıb ki, sentyabrın 27-dən inidyədək 32 dinc sakin həlak olub, 106 nəfər yaralanıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi oktyabrın 10-da bildirib ki, öldürülənlərin cəsədlərinin təhvil verilməsinə və məhbusların sərbəst buraxılmasına kömək etməyə hazırdır.

“Tərəflər öz aralarında format barədə razılığa gəlməlidir. Onlarla davamlı müzakirələr, təkliflərin mübadiləsini aparırıq. Əməliyyatın başlaması üçün maddi-texniki tənzimləmələr aparılmalı və komandalarımızın təhlükəsizliyi təmin edilməlidir.”

Beynəlxalq Qırmızı Xaç Komitəsi proqnozlaşdırır ki, bölgədəki ən az on min insanın yaxın bir neçə ay ərzində dəstəyə ehtiyacı olacaq.

“Bu məqsədlə əlavə 9,2 milyon İsveçrə frankına təcili müraciət etdik və artıq hökumətlərdən səxavətli ianələr almağa başladıq, buna görə çox minnətdarıq,” təşkilatın bəyanatında deyilir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

Şərhlərə bax

XS
SM
MD
LG