Accessibility links

Azərbaycan və Ermənistan sərhədində yeni gərginlik


Azərbaycan və Ermənistan sərhədində yeni gərginlik barədə məlumatlar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, noyabrın 9-da Laçın rayonunun Qaragöl gölü istiqamətində Ermənistan hərbçiləri ilə Azərbaycan hərbçiləri arasında insident baş verib. Ermənistan Müdafiə Nazirliyi isə bu barədə yayılan xəbərləri təkzib edib.

Azərbaycan Müdafiə Nazirliynin Mətbuat xidmətinin məlumatında deyilir ki, noyabrın 9-da Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib.

“Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb. Azərbaycan Ordusunun bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib. Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb.”

Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, “əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaq. Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.”

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Qaragöl gölündə erməni və azərbaycanlı hərbçilərin iştirakı ilə insident olması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın bəzi Telegram kanalları Ermənistanın Sünik rayonundakı Qaragöl gölü ərazisində guya Ermənistan və Azərbaycan hərbçiləri arasında toqquşmanın baş verdiyi və guya Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin mühasirəyə alındığı barədə məlumatlar yayıb.

"Vəziyyət sabitdir və Ermənistan Silahlı Qüvvələri tərəfindən əraziyə tam nəzarət olunur," Müdafiə Nazirliyi bildirir.

Gorus merinin müavini Karen Köçəryan Ermənistan mediasına bildirib ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik rayonunda Qaragöl gölü bölgəsində irəliləməyə cəhd edib, lakin Ermənistan Silahlı Qüvvələrinin müqaviməti ilə üzləşib.

Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.

Bundan sonra, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın əvvəllərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünün olacağı barədə məlumat yayıb.

Peskovun yaydığı məlumatdan sonra regionda gərginlik artmaqda davam edir.

Müşahidəçilərin firkincə, liderlərin görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək Meğri dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılacağı barədə sənəd imzalanacağı gözlənilir.

Belə ki, noyabr ayı ərzində Rusiya xarici işlər nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın yerinə yetirilmə vəziyyəti ilə bağlı Azərbaycan və Ermənistan xarivi işlər nazirləri ilə iki dəfə telefon danışığı olub.

Ermənistan Müdafiə Nazirliyinin noyabrın 8-də yaydığı məlumata görə, bu ölkənin müdafiə naziri Arşak Karapetyan Dağlıq Qarabağa iki günlük səfərdə olub.

Ermənistan müdafiə nazirinin Dağlıq Qarabağa səfəri rəsmi Bakı tərəfindən pislənib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoda Ermənistan müdafiə nazirinin avtomobil kortejinin Rusiya sülhməramlılarının nəzarət etdiyi Ermənistan-Azərbaycan sərhədindəki postdan yoxlama aparılmadan keçdiyi, Laçın dəhlizi vasitəsi ilə Xankəndinə getdiyi əksini tapıb. Nazir Karapetyan ermənilərin yaşadığı Xankəndində hərbçilərlə görüşüb, erməni hərbçilərinin olduğu müşahidə məntəqəsindən, cümlədən Qaragöl gölünün sahilindən Azərbaycan hərbçilərinin yerləşdiyi mövqelərə baxıb, hərbçilərə mükafatlar təqdim edib və Qarabağdakı erməni hərbi-siyasi rəhbərliyi ilə görüşüb.

Noyabrın 8-də Ermənistan müdafiə naziri Xankəndində səfərdə olduğu vaxt erməni tərəfi Dağlıq Qarabağda bir erməni mülki şəxsin öldürüldüyü və iki mülki şəxsin yaralandığı barədə məlumat yayıb.

Noyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutduğu barədə məlumat yayıb.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG