Accessibility links

Azərbaycan və Ermənistan arasındakı gərginlik yenidən artır


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Arşak Karapetyanın Dağlıq Qarabağa səfərini pisləyən bəyanatla çıxış edib.

Ermənistan Müdafiə Nazirliyinin noyabrın 8-də yaydığı məlumata görə, Arşak Karapetyan Dağlıq Qarabağa iki günlük səfər edib.

Nazirliyin yaydığı videoda Ermənistan müdafiə nazirinin avtomobil kortejinin Rusiya sülhməramlılarının nəzarət etdiyi Ermənistan-Azərbaycan sərhədindəki postdan yoxlama aparılmadan keçdiyi, Laçın dəhlizi vasitəsi ilə Xankəndinə getdiyi əskini tapıb. Nazir Karapetyan ermənilərin yaşadığı Xankəndində hərbçilərlə görüşüb, erməni hərbçilərinin olduğu müşahidə məntəqəsindən Azərbaycan hərbçilərinin yerləşdiyi mövqelərə baxıb, hərbçilərə mükafatlar təqdim edib və Qarabağdakı erməni hərbi-siyasi rəhbərliyi ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər edib.

“Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır. Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilib. Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür,” sənəddə qeyd olunur.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın hərbi rəhbərliyi “hərbi avantüralara cəhd edir.”

“Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir.”

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edir ki, “Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir,” Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir.

Bu arada Dağlıq Qarabağda özünü erməni icmasının xarici işlər nazirliyi kimi təqdim edən qurum bildirib ki, “Artsax (Dağlıq Qarabağ) heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq”. “Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna hörmət və onların öz müqəddəratını təyin etdiyi, müstəqil dövlətçiliyini yaratdığı və inkişaf etdirdiyi ərazilərin işğaldan azad edilməsi Azərbaycan-Qarabağ münaqişəsinin hərtərəfli həllinin təməl daşıdır,” qurumun bəyanatında deyilir.

Ragionda yeni gərginlik Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun noyabrın əvvəllərində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünün olacağı barədə məlumat yaymasından sonraya təsadüf edir.

Müşahidəçilərin firkincə, liderlərin görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, həmçinin Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək Meğri dəhlizi də daxil olmaqla, bütün kommunikasiya xətlərinin açılacağı barədə sənəd imzalanacağı gözlənilir.

Belə ki, noyabr ayı ərzində Rusiya xarici işlər nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın yerinə yetirilmə vəziyyəti ilə bağlı Azərbaycan və Ermənistan xarivi işlər nazirləri ilə iki dəfə telefon danışığı olub.

Dünən, noyabrın 8-də Ermənistan müdafiə naziri Xankəndində səfərdə olduğu vaxt erməni tərəfi Dağlıq Qarabağda bir erməni mülki şəxsin öldürüldüyü və iki mülki şəxsin yaralandığı barədə məlumat yayıb.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Bu il oktyabrın 20-də Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 8-ci iclasının birinci hissəsi keçirilib. Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəlib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG