Accessibility links

Azərbaycan və Ermənistan beynəlxalq məhkəmədə iddialar qaldırır


Haaqa Daimi Arbitraj məhkəməsi

Azərbaycan bu ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsində qaldırılan iddia ilə yanaşı İrqi Ayrıseçkiliyin bütün formalarına qarşı Beynəlxalq Konvensiyanı pozduğuna görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün yenidən beynəlxalq məhkəməyə müraciət edəcəyini bəyan edib.

Bu barədə Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı kütləvi informasiya suallarını cavablandırarkən bildirib.

“Ərazilərimizin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanmış və sənədləşdirilmişdir. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir” - deyə, o bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi bu açıqlamaları Ermənistanın Azərbaycanın irqi ayrı -seçkilik haqqında beynəlxalq müqaviləni pozduğunu iddia edərək beynəlxalq məhkəmədə iddia qaldırdığı haqda məlumatlardan sonra verib.

Haaqada Beynəlxalq Məhkəmənin sentyabrın 16 yaydığı bəyanata görə, Ermənistan iddiada Azərbaycanı hər iki ölkənin imzaladığı İrqi Ayrıseçkiliyin bütün formalarına qarşı Beynəlxalq Konvensiyanı pozaraq erməniləri “onilliklər ərzində” irqi ayrı -seçkiliyə məruz qoymaqda günahlandırıb.

Məhkəməyə verilən iddiaya əsasən, Azərbaycan noyabrın 10-da atəşkəsdən bəri “erməni əsirlər, girovlar və digər saxlanılan şəxslərə qarşı qətl, işgəncə və digər bəd əməlləri davam etdirib”.

“Bu səbəbdən, Ermənistan gələcəkdə baş verə biləcək zərərin qarşısını almaq və artıq vurulmuş ziyanı ödəmək üçün məhkəmədən Azərbaycanı pozuntulara görə məsuliyyətə cəlb etməsini xahiş edir” - deyə, məlumatda bildirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycanın “özünü qətiyyətli bir şəkildə müdafiə edəcəyini” və Ermənistana qarşı eyni ittihamlarla əks iddia qaldırmağı planlaşdırdığını bildirib.

Azərbaycanın nümayəndəsi Ermənistanın azərbaycanlılara qarşı insan hüquqları pozuntularına dair sübutlar topladığını və ölkənin “yaxın günlərdə” məhkəməyə öz iddiasını təqdim edəcəyini bildirib.

Rəsmi olaraq Beynəlxalq Ədalət Məhkəməsi kimi tanınan məhkəmə ölkələr arasında mübahisələri həll etmək üçün BMT məhkəməsidir. Məhkəmə bu işin yurisdiksiyasına malik olub-olmadığını hələ müəyyənləşdirməyib.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG