Accessibility links

Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda günahlandırır


Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Azərbaycan və Ermənistan tərəfi bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 18-də yaydığı məlumatda bildirir ki, Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəs razılaşmasını `kobud şəkildə` pozub.

“Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir,” nazirlik bildirir.

Cəbhə xətti
Cəbhə xətti

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan teleqran kanalında yazıb ki, gecə saat 00.04-dən saat 02.45-də cəbhənin şimal hissəsində, saat 02.20-dən 02.45-dək cəbhənin cənub hissəsində humanitar atəşkəs pozulub, artilleriya atəşləri davam etdirilib.

Atəşkəs razılaşması elan ediləndən dərhal sonra "Dağlıq Qarabağ Respublikası" adlandırılan tanınmamış qurumun prezidentinin mətbuat katibi Vaqan Poqosyan erməni tərəfinin Azərbaycan Ordusunun mühasirəyə düşmüş döyüşçüləri üçün humanitar dəhliz açmağa hazır olduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

“Azərbaycan hərbiçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalan və dezinformasiyadır. Həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir,” nazirliyin məlumatında deyilir.

Özünü “Qarabağın müdafiə ordusu” adlandıran qurumun mətbuat xidməti bildirir ki, səhər saat 07.20-də aktiv artilleriya atışından sonra Azərbaycan Silahlı Qüvvələri cənub istiqamətində hücuma başlayıb

“Hər iki tərəfdə ölü və yaralı var,” o qeyd edib.

Gəncə şəhəri raket zərbəsindən sonra
Gəncə şəhəri raket zərbəsindən sonra

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan Silahlı Qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıb.

“Oktyabrın 18-də səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır,” məlumatda deyilir.

Nazirlik Ermənistanın Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərdiyini bildirib.

“Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.”

Müdafiə Nazirliyi həmçinin qeyd edir ki, oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

Dağlıq Qarabağ xəritə
Dağlıq Qarabağ xəritə

“Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir,” nazirlik qeyd edir.

Ermənistan oktyabrın 18-də hərbi itkilərinin sıyahısına daha 77 nəfər hərbiçisinin adını əlavə edib və Ermənistan Ordusunun ümumi hərbi itkiləri 710 nəfərə çatıb.

Bununla yanaşı, Azərbaycan tərəfi hələ hərbi itkilərlə bağlı məlumat yaymayıb.

Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokurorluğu bildirir ki, oktyabrın 18-də Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini Ramil Həsənov yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan Baş Prokuroru həmçinin bildirir ki, oktyabrın 17-də Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin raket hücumuna məruz qalması nəticəsində 15 nəfər həlak olub, 52 nəfər yaralanıb. Həmin gün Ağcabədi rayonunun Arazbar kənd sakini Rauf Hacıyev yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində xəsarət alıb.

Mülki itkiləlrə bağlı sin statistika
Mülki itkiləlrə bağlı sin statistika

Ümumilikdə sentyabrın 27-dən oktyabrın 17-si saat 12-dək Azərbaycanın 60 mülki vətəndaşı həlak olub, 270 nəfər yaralanıb.

Özünü “Qarabağ Dövlət Təcili Xidməti” adlandıran qurum bildirir ki,oktyabrın 18-də gecə Dağlıq Qarabağ yaşayış məntəqələrində nisbətən sakit keçib.

"Şimal və cənub istiqamətlərində Azərbaycan gecə saatlarında humanitar barışığa dair razılaşmanı kobud şəkildə pozub. Lakin yaşayış məntəqələri və mülki infrastrukturlar istiqamətində atəş açılmayıb," məlumatda deyilir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan isə Twitter səhifəsində yazıb ki, sentyabrın 27-dən inidyədək 32 dinc sakin həlak olub, 106 nəfər yaralanıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

Şərhlərə bax

XS
SM
MD
LG