Accessibility links

Tərəflər bir-birini atəşkəsi pozmaqda günahlandırır


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Tərəflər humanitar atəşkəs rejiminə riayət etdiklərini bildirsə də, qarşılıqlı şəkildə bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, humanitar atəşkəs rejimini pozan Ermənistən silahlı qüvvələri çərşənbə axşamı Goranboy, Tərtər, Ağcabədi və Ağdam rayonlarının ərazilərini atəşə tutur. Dağıntılar və itkilər barərə hələ məlumat verilmir.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib ki, Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir. Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü isə gecə vaxtı nisbi sakitliyin olduğunu bildirərək sübh çağı Azərbaycan qüvələrinin "cənub, şimal, şimal-şərq və şərq" istiqamətlərindən hərbi əməliyyatlara başladığını bəyan edib.

Azərbaycan hərbi rəsmilərinin məlumatına görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

“Oktyabrın 12-dən 13-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan Silahlı Qüvvələrinin 5-ci dağıdıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb. Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisyan yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib,” Müdafiə Nazirliyi bildirir.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun sözçüsü Vahram Poğosyan bildirib ki, Azərbaycan humanitar atəşkəs barədə razılaşmanı pozur və səhər saatlarından genişmiqyaslı hərbi əməliyyatı davam etidirir.

“Artilleriyadan yaşayış məntəqələrinə zərbələr endirirlər. Azərbaycan tərəfdən aktiv hərbi əməliyyatlarda bir neçə min hərbiçi iştirak edir. Qarabağın `müdafiə ordusu` ağır döyüşlər aparır, hücumun qarşısını almaq üçün cəhd göstərir,” o qeyd edib.

Ermənistanın rəsmi hərbi mənbələri döyüş zonasında Azərbaycan Ordusuna məxsus hərbi texnikaların məhv edildiyni bildirib.

“Qarabağın `müdafiə ordusu` intensiv döyüşlər zamanı Azərbaycana məxsus hərbi texnikanı məhv edib. Yaydığımız videodan da görünqür ki, tankın vurulması nəticəsində güclü partlayış baş verib,” məlumatda qeyd edilir.

Mülki itkilərə gəlincə, çərşənbə axşamı tərəflər mülki itkilər barədə məlumat yaymayıb.

Azərbaycan Baş Prokuroru bildirib ki, oktyabrın 11-də Azərbaycanın Gəncə şəhərinin artilleriya atəşinə tutulması nəticəsində 10 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Ümumilikdə sentyabrın 27-dən indiyədək Azərbaycanın 42 mülki vətəndaşı həlak olub, 206 nəfər yaralanıb.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan tvitter səhifəsində yazıb ki, sentyabrın 27-dən inidyədək 31 dinc sakin həlak olub. Bundan öncə o, 25 mülki şəxsin həlak olduğunu bildirmişdi.

Azərbaycan Ərazilərinin Minalaradan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatında isə deyilir ki, oktyabrın 12-də Ağdam, Ağcabədi, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tovuz, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 1 ədəd 240 mm-lik M24F raketi, 1 ədəd 100 mm-lik top mərmisi (OF-32), 1 ədəd 9M528 raketinin idarəetmə bloku, 24 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 374 ədəd bombacıq partlayış yolu ilə mərkəzi məhvetmə ərazisində zərərsizləşdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada imzaladığı atəşkəs razılığı 10 oktyabrda qüvvəyə minib. Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin məqsədi tərəflər arasında ölülər və əsirlərin mübadiləsinə şərait yaratmaq idi.

ABŞ Dövlət Katibi çərşənbə axşamı tərəfləri atəşkəsə riayət etməyə səsləyib.

"Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəsə müvafiq öhdəliklərini yerinə yetirməyə və Gəncə və Stepanaket kimi mülki əhali yaşayan zonaları hədəf almağı dayandırmağa çağırır. Biz insan həyatı itkilərini qınayırıq və dinc həll yoluna sadiq qalırıq," Mayk Pompeo bildirib.

XS
SM
MD
LG