Accessibility links

Azərbaycan və Ermənistan arasında intensiv döyüşlər davam edir


Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində döyüşlər beşinci gündür davam edir. Tərəflər cəbhədə çoxsaylı insan itkisi ilə bağlı məlumatlar verib, hərbi texnikaların və hərbçilərin öldürülməsi əks olunan videolar yayıb.

Artilleriya atəşlərinə mülki insanlar, evlər və mülki obyektlər də məruz qalmaqdadır.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, sentyabrın 27-də aktiv döyüşlərin başlandığı andan indiyədək ağır artilleriyadan atəşə tutulması nəticəsində ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər həlak olub.

Ermənistanın rəsmi mənbələrinin məlumatlarına görə, oktyabrın 1-dək 7 mülki şəxs həlak olub, 31 nəfər yaralanıb. Çoxsaylı mülki obyektlər və evlər dağıdılıb.

Hərbi itkilərə gəlincə, Azərbaycan rəsmi qurumları indiyədək hərbi itkilərlə bağlı məlumat yaymayıb. Ermənistan tərəfi isə sentyabrın 30-da Azərbaycanın 130 hərbçisini itirdiyini və 260 nəfər yaralısı olduğunu bildirib. Erməni tətrəfi həmçinin sentyabrın 30-da Azərbaycanın 13 pilotsuz uçuş aparatını və 29 hərbi texnikasını vurduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfinin 200-dək tank və digər zirehli texnikasını, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanını, 30 ədəd hava hücumundan müdafiə vasitələrini, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsini, 5 silah-sursat anbarını, 110-dan artıq avtomobil texnikasını, 1 ədəd “S-300” zenit-raket kompleksini məhv edib.

Ermənistan Müdafiə Nazirliynin rəsmisi sentyabrın 30-da deyib ki, erməni tərəfinin ümumi hərbi itkiləri 103 nəfər təşkil edir.

Azərbaycanın rəsmi mənbələri erməni tərəfinin itkilərinin yüzlərlə olduğunu deyir. Bir neçə halda Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videolarda erməni tərəfinin çoxsaylı hərbçilərinin olduğu avtomobil kolonlarının hava zərbələrinə və artilleriya atəşinə məruz qaldığı nümayiş etdirilir.

Oktyabrın 1-də Ermənistan tərəfi əvvəlcə Azərbaycanın bir hərbi helikopterini vurduğu və İran ərazisinə düşdüyü barədə məlumat yayıb. Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi dərhal təkzib edib və helikopterinin vurulmadığını bildirib.

İran informasiya vasitələrində Azərbaycanın hərbi helikopterinin bu ölkənin ərazisinə düşməsi barədə məlumat yer almayıb.

Ermənistan Müdafiə Nazirliynin rəsmisi Arsun Ovanesyan günün ikinci yarısında bildirib ki, oktyabrın 1-də Ermənistan Ordusu Qarabağda Azərbaycanın 3 hərbi təyyarəsini, 2 hərbi helikopterini və 6 pilotsuz uçuş aparatını vurub.

Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri təkzib edib.

“Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. Hərbi Hava Qüvvələrinin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir,” Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd edib.

Ermənistan-Azərbaycan cəbhəsində durumla bağlı siyasi müzakirələr də davam etdirilir.

Sentyabrın 30-da Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub.

Rəsmi məlumatlara görə, Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin məlumatlarında Lavrovun təklifinin qəbul edilib-edilməməsi əks olunmayıb.

Sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da Ermənistan-Azərbaycan cəbhəsindəki durum diqqət mərkəzində olub.

Rusiya prezidentinin rəsmi internet saytının məlumatına görə, hər iki prezident tərəfləri tezliklə atəşin tam dayandırılmasına, gərginliyin aradan qaldırılmasına, maksimum təmkinli olmağa çağırıb. Hər iki prezident münaqişənin dinc yolla həll olunması üçün ATƏT-in Minsk qrupu formatında danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Rusiya prezidentinin rəsmi saytı həmçinin bildirir ki, oktyabrın 1-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətə xüsusi diqqət yetirilib, davam edən döyüşlərlə bağlı son dərəcə narahatlıq ifadə olunub,” məlumatda deyilir.

Vladimir Putin Təhlıükəsizlik Şurasının iclasında ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin (Rusiya, ABŞ və Fransa) başçılarının Dağlıq Qarabağa dair birgə bəyanatının hazırlanması barədə müşavirə iştirakçılarına məlumat verib.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozef Borrellə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov arasındakı telefon danışığında da Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunub.

Atəşin dərhal və tamamilə dayandırılmasının, münaqişə tərəflərinin və digər ölkələrin maksimal dərəcədə təmkinlik göstərməsinin vacibliyi vurğulanıb.

Şərhlərə bax

XS
SM
MD
LG