Noyabrın 13-dən etibarən Azərbaycan və Ermənistan həlak olan 385 nəfərin cəsədini dəyişdirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliynin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 19-da keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir.
Xatırladaq ki, razılaşmaya əsasən Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycan tərəfinə təhvil veriləcək.
Atəşkəs rejiminə riayət olunmasına toxunan Zaxarova əldə edilmiş razılığın qeyd-şərtsiz yerinə yetirilməsinin təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Həmçinin, bu gün Rusiya Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlı kontingent komandirinin müavini Aleksey Polyuxoviç bildirirb ki, Dağlıq Qarabağda atəşkəs rejiminə tam riayət edilir.
"Dağlıq Qarabağda tam şəkildə atəşkəs müşahidə olunur. Sülhməramlı kontingent öz vəzifələrini adi rejimdə yerinə yetirir. Postlar adi rejimdə işləyir, vəziyyət stabildir," o qeyd edib.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Qarabağ istiqamətində hərbi əməliyyatlar bərpa edilib. 44 günlük şiddətli döyüşlərdən sonra noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldikləri haqqında birgə bəyanat imzalayıb. Razılşamaya əsasən dekabrın 1-dək Ermənistan Silahl Qüvvələri Azərbaycanın beynəlxalq tanınmış ərazisindən çıxarılmalıdır.
Döyüşlər zamanı tərəflərin çoxsaylı hərbi və mülki itkiləri olub. Müxtəlif mənbələrin məlumatına görə, tərəflərin itkiləri bir neçə mindir. Rusiya prezidenti döyüşlər zamanı beş mindən çox hərbiçinin həlak olduğunu deyib.
Ermənistanın rəsmi hərbi mənbələri indiyədək həlak olmuş 2400-dən çox hərbiçisinin soy adını dərc edib. Müstəqil ekspertlər Ermənistanın hərbi itkilərinin daha çox olduğunu güman edir.
Azərbaycanın rəsmi qurumları hərbi itkilərlə bağlı hələ məlumat yaymayıb. Amma, sosial şəbəkələrdə yayılan məlumatların təhlili çoxsaylı itkilərin odluğu barədə fikir formalaşdırır.
Münaqişənin siyasi nizamlanmasına gəlincə, dünən, noyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri İ.Popov (Rusiya), S.Viskonti (Fransa), E.Şefer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşiki qəbul edib.
“Məsləhətləşmələr zamanı Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya prezidentinin cari ilin noyabrın 9-dan etibarən atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında Bəyanatından sonra Dağlıq Qarabağ və onun ətrafında yaranmış vəziyyət müzakirə olunub. Üç ölkənin bundan sonrakı vasitəçilik səylərinin əlaqələndirilməsi məsələlərinə baxılıb,” Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Görüşlə bağlı ətraflı məlumat verilmir. Həmsədrlər görüşün yekunları ilə bağlı hələ bəyanat yaymayıb.