Accessibility links

Azərbaycan və Ermənistan humanitar atəşkəs razılığına gəlsə də döyüşlərin davam etdirildiyi bildirilir


Şənbə günü, oktyabrın 10-da saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ ətrafında son illərdə ən ciddi qarşıdurma hesab edilən hərbi toqquşmalara son qoymaq məqsədilə atəşkəs barədə razılığa gəlib.

Tərəflər atəşkəs haqda oktyabrın 10-da Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə aparılan danışıqlardan sonra razılaşıb.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün, oktyabrın 10-da keçirilən brifinqdə deyib ki, atəşkəs elan edilməsindən 4 saat keçməsinə baxmayaraq Ermənistan tərəfi hələ də atəşi pozmaqda davam edir.

“Ermənistan tərəfindən hər hansı ciddi addımlar atılmasa, hərbi əməliyyatlar bərpa oluna bilər. Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etməyib. Hazırda da hərbi əməliyyatlar davam edir,” xarici işlər naziri qeyd edib.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də bu gün keçirilən brifinqdə deyib ki, humanitar əsaslarla olan atəşkəs rejiminin pozulması istiqamətində Ermənistan tərəfindən təxribatlar davam etdirilərsə, Azərbaycan tərəfi yenə də özünü müdafiə hüququndan istifadə edərək cavab vermək məcburiyyətindədir.

“Bu xüsusda beynəlxalq ictimaiyyətin də, xüsusən də bu təşəbbüslərlə çıxış edən dövlətlərin də aidiyyatı üzrə öz qeydlərini götürməsini çox vacib hesab edirik ki, Ermənistan nəhayət reallığa gətirilmiş olsun,” Hacıyev qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistan ordusu Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib, Goranboy, Ağdam, Füzuli, Ağcabədi və Tərtərdə yaşayış məntəqələri artilleriya atəşinə tutulur.

Nazirlik bildirir ki, Azərbaycan tərəfinin atəşə tutulmasında istifadə edilən artilleriya qurğusu və S 300 raket kompleksinin idaretmə sistemi məhv edilib.

Eyni zamanda, Ermənistan tərəfi atəşkəs elan edilməsinə baxmayaraq Azərbaycanın hərbi əməliyyataları davam etdirdiyini bildirir.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycan qüvvələrinin atəşkəsə məhəl qoymayaraq oktyabrın 10-da Qaraxambəyli yaşayış məntəqəsi istiqamətində hücuma başladığını bildirib.

"Azərbaycan öz hərəkətləri ilə razılaşmanı beş dəqiqə də yerinə yetirmədiyini sübut etdi," özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran qurumun "Xarici İşlər Nazirliyinin" bəyanatında deyilir.

"Bildiyiniz kimi düşmən, humanitar atəşkəsdən əldə olunan razılığa məhəl qoymadan bölgənin mərkəzinə (Hadrut-red.) təxribat hücumu başladı. Bu anda ordu vəziyyəti tam nəzarətdə saxlayır," Dağlıq Qarabağın erməni icmasının lideri Araik Harutunyan qeyd edib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlərin başlamasından sonra beynəlxalq ictimaiyyət tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması çağırışları səsləndirilib.

Münaqişə ilə bağlı siyasi səviyyədə də diplomatik fəaliyyətlər davam etdirilib.

Oktyabrın 8-də Cenevrədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Cümə axşamı Azərbaycan və Rusiyanın baş nazirləri də telefon danışığı zamanı Dağlqı Qarabağ problemi ətrafında fikir mübadiləsi aparıb.

Oktyabrın 9-da isə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən görüşün sonunda yayılan bəyanata əsasən Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində atəşkəs elan olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG