Accessibility links

Azərbaycan və Ermənistan liderləri arasında debat keçirilib


Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında 45 dəqiqəlik panel müzakirələr keçirilib. Debat hər iki liderin bir-birini ittiham edən tərzdə gərgin keçib.

Prezident İlham Əliyevə bölgənin tarixinə toxunaraq deyib ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Paşinyan cavab verib ki, Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aidiyyatı yoxdur.

Bu zaman moderator tərəflərə belə bir sual ünvanlayıb. Onlar münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq birlikdən nə gözləyirlər?

Paşinyan münaqişənin hərbi yolla həllini istisna edən səylərə ümid etdiyini bildirib. O, həmçinin ermənilərin Xocalıda soyqırım törətməsi, 600-dən çox dinc azərbaycanlını qətlə yetirməsi barədə Əliyevin replikasına cavab verib.

Paşinyan bunun guya azərbaycanlıların özlərinin işi olduğunu söyləyib və Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun müsahibəsinə istinad edib.

Əliyev bu fikri qəti şəkildə rədd edib, çoxsaylı sənədlərə, o cümlədən bu cinayətə görə erməni tərəfini qınayan beynəlxalq təşkilatların sənədlərinə istinad edib. Mütəllibova gəlincə, o, öz adına deyilən bu sözləri dəfələrlə təkzib edib.

O, beynəlxalq birliyi Ermənistanın Azərbaycan ərazilərinin işğalından imtina etməsi və konstruktiv mövqe tutması üçün ona təzyiq göstərməyə çağırıb.

Azərbaycan və Ermənistan lideri arasında debat keçirilib
Azərbaycan və Ermənistan lideri arasında debat keçirilib

Sualları cavablandıran Əliyev işarə edib ki, sülh yolu ilə razılaşmaq mümkün olmasa Azərbaycan işğal olunmuş torpaqları azad etmək hüququndan istifadə edəcək.

Paşinyan həll yolunun üç tərəfi - Ermənistan, Qarabağ və Azərbaycanı qane etməsi və hərbi həllin mümkün olmaması barədə öz əvvəlki tezisini təkrarlayıb.

Sonra o, Əliyevi Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışmaqlara çağırıb.

Prezident Əliyev cavab verib ki, Ermənistan öz qoşunlarını çıxarıb işğal etdiyi torpaqları azad edən kimi Azərbaycan Qarabağ erməniləri ilə danışacaq.

O, Qarabağın münaqişə tərəfi olması barədə Ermənistanın iddialarını rədd edib. Münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflərdir. Bu barədə ATƏT-in Minsk Qrupunun sənədlərində də deyilir.

“Sülh yolu ilə nizamlanma necə görünür?” Zaldan verilən bu sualın cavabında Əliyev mərhələli variantı qeyd edib. İşğal olunmuş ərazilər azad edilir, erməni qoşunları çıxarılır, münasibətlər normallaşır və Qarabağın statusu bundan sonra həll olunur.

Paşinyan buna cavab olaraq deyib ki, Qarabağ ətrafındakı ərazilər “təhlükəsizlik zonasıdır” və erməni tərəfi bunu “asanlıqla qaytara bilməz”.

Moderator tərəflərə son söz verəndə Əliyev Paşinyana müraciət edərək deyib: “Siz deyəndə ki, Qarabağdakı ermənilər öz müstəqil dövlətlərini elan ediblər, yadınıza salmaq istəyirəm ki, ermənilər artıq öz dövlətlərini Ermənistanda elan ediblər. Əgər ermənilər daha bir dövlətə sahib olmaq istəyirlərsə, harada istəyirsiniz orada elan edin, ancaq Azərbaycanın ərazisində yox”.

Paşinyan cavab verib ki, hələ eramızdan 400 il əvvəl bu bölgədə yalnız iki millət olub - ermənilər və gürcülər, azərbaycanlılar olmayıb.

Əliyev Paşinyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif etdiyini də deyib.

"Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur," Azərbaycan prezidenti deyib.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin 9 mart bəyanatı

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2019-cu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri, xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)
Dağlıq Qarabağdan görüntülər (Foto - Sergey Ponomarev for The New York Times)

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

XS
SM
MD
LG