Accessibility links

Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş Assambleyasında debatlarda çıxış edib


Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında debatların son günü Azərbaycan və Ermənistan nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar verib.

Ermənistanın BMT-dəki nümayəndəsi cümə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatına cavab vermək hüququndan istifadə edərək bəyanatla çıxış edib.

Ermənistanın BMT-dəki nümayəndəliyinin üçüncü katibi Sofiya Simonyan “qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtması hüququ”-na toxunaraq deyib ki, “bu, öz müqəddəratını təyin etmək hüququnun reallaşdırılması kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas şərtlərindən biridir”.

O deyib ki, Azərbaycan tərəfin istinad etdiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində “döyüşlərin dayandırılması ilə yanaşı, Dağlıq Qarabağ da daxil olmaqla, bütün tərəflərin danışıqları bərpa etməsinə çağırılır”. Ermənistan nümayəndəsi "Azərbaycanı münaqişənin hərbi yolla həllinə çalışmaqda və regionda gərginlikləri artırmaq"-da ittiham edib.

Sofya Simonyan
Sofya Simonyan

Azərbaycanın BMT-dəki nümayəndəsi Tofiq Musayev Ermənistan nümayəndəsinin bəyanatını “mahiyyətcə əsassız və qeyri-peşəkar, tonunun isə münasib olmadığı”-nı qeyd edib. “Dağlıq Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olmağa davam edəcək,” o bildirib.

Tofiq Musayev
Tofiq Musayev

Azərbaycan nümayəndəsi deyib ki, münaqişənin başladığı ilk gündən döyüş əməliyyatları Azərbaycanın ərazisində aparılıb və bunun nəticəsində mülki vətəndaşlar və infrastruktura zərər dəyib.

“Beynəlxalq qanunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafdakı yeddi rayonun işğalını davam etdirən Ermənistandır,” Tofiq Musayev bildirib.

O, Ermənistanı bölgədə “etnik təmizləmə” siyasəti aparmaqda ittiham edib.

Azərbaycan nümayəndəsi BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyətin “Azərbaycanın suverenliyi, ərazi bütövlyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını mütəmadi şəkildə tanıdığını” vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG