Accessibility links

Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşü keçirilə bilər


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi mümkün ola bilər. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlama verib.

“Biz post-münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik", Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəsi hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir.

“Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik” - deyə, o bildirib.

Bundan əlavə Leyla Abdullayeva qeyd edib ki, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir.

“Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər", o bildirib.

Sentyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri Nyu Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla ayrı-ayrı və birgə görüşlər keçiriblər.

Həmsədrlər açıqladıqları bəyanatda xarici işlər nazirləri ilə Ermənistanla Azərbaycan arasında bir sıra həll olunmamış məsələri müzakirə etdiklərini bildiriblər. Bəyanatda həmsədrlərin vəziyyəti deeskalasiya etmək üçün spesifik təbdirlər və mümkün növbəti addımları təklif etdiyi deyilir.

Xatırlatma

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

XS
SM
MD
LG