Accessibility links

Azərbaycan və Ermənistan qüvvələri arasında ağır döyüşlər gedir


Azərbaycan-Ermənistan cəbhəsində intensiv döyüşlər altıncı gündür davam edir. Tərəflər hərbiçilər və mülki insanlar arasında çoxsaylı itkilərin olduğunu bildirir.

RIA xəbər agentliyi Dağlıq Qarabağda rus və erməni jurnalistləri, o cümlədən "könüllü" kimi təsvir olunan ABŞ vətəndaşını nəql edən avtobusun artilleriya atəşinə məruz qaldığını bildirib.RIA müxbiri jurnalistlər arasında xəsarət alan olmadığını bildirir.

Azərbaycan Müdafiə Nazirliynin oktyabrın 2-də səhər saatlarına yaydığı məlumata görə, cəbhənin şimal-qərbində - Ağdərə rayonu istiqamətində Azərbaycan qoşunları Madagiz qəsəbəsi ətrafındakı hakim yüksəklikləri ələ keçirib və bu məntəqəni nəzarətdə saxlayır. Murov dağı istiqamətində də əməliyyat şəraitinin Azərbaycan Ordusunun nəzarəti altında olduğu bildirilir.

“Cəbhənin cənub cinahında, Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Oktyabrın 2-də saat 00.00-dan 07.00-dək düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda şəxsi heyəti məhv edilib,” Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Dağıdılmış ev
Dağıdılmış ev

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi oktyabrın 2-də bildirib ki, səhər saatlarınadək döyüşlərdə 54 erməni hərbiçisi öldürülüb və beləliklə döyüşlər zamanı itirilən erməni hərbiçilərinin sayı 157 nəfərə çatıb.

Onun sözlərinə görə, ümumilikdə döyüşlər zamanı azı 830 Azərbaycan hərbçisi öldürülüb, 39 zirehli hərbi maşını, 4 SU-25 təyyarəsi, 3 helikopter, 17 pilotsuz uçuş aparatı vurulub.

Azərbaycan Müdafiə Nazirliyi öz hərbi itkiləri barədə hələ məlumat yaymayıb. Oktyabrın 1-də o, erməni tərəfinin 2,300 canlı qüvvəsinin məhv edildiyini bildirib.

Oktyabrın 2-də Azərbaycanın cəbhə bölgəsi və Ermənistanla sərhəd boyunca yaşayış məntəqələri atəşə tutulub. Çoxsaylı yaşayış evləri və mülki obyektlər dağılıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, ağır artilleriya atəşləri nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 19 nəfər həlak olub. Onların ikisi məktəblidir.

Azərbaycanda mülki itkilər
Azərbaycanda mülki itkilər

“Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 175 yaşayış evinə, həmçinin, 41 mülki obyektə külli miqdarda ziyan vurulub, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub,” mətbuat xidməti bildirir.

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 2-də gün ərizndə Ermənistanın Gorus rayonundan Azərbaycanın yaşayış məntəqələrini, cəbhəboyu kəndləri, rayon mərkəzlərini, həmçinin Şəmkir, Tovuz rayonlarında cəbhə xəttindən uzaqda olan kəndləri artilleriya atəşinə tutub. Müdafiə nazirliyi ölən və yaralananların olduğunu bildirir.

Cəbhə xətti
Cəbhə xətti

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, müharibə nəticəsində 32 nəfər mülki insan həlak olub çoxsaylı evlər, mülki obyektlər, kommunikasiyalar dağıdılıb.

Cümə günü Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistan xaricdən olan müdaxiləni dəf etməyə, bununla yanaşı həmçinin sülhün bərpası üçün ATƏT-in Minsk Qrupu çərçivəsində işləməyə hazırdır.

Bu zaman Azərbaycan Milli Məclisinin plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Silahlı Qüvvələri əks hücum əməliyyatlarını uğurla davam etdirir.

“Vaxtilə münaqişənin həlli üçün heç bir addım atmayan bəzi qüvvələr artıq yeni açıqlamalar verir, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışır. Hamımızın eyni fikri var. Ordumuzun müzəffər yürüşü sonuncu erməni əsgər torpaqlarımızdan qovulana qədər davam etməlidir. Bütün xalqımız da, biz də əminik ki, bu, belə olacaq,” Milli Məclisin sədri qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG