Accessibility links

Təmas xəttində qızğın döyüşlər gedir


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər oktyabrın 7-də davam edir. İtkilər və yaralılar var. Mülki insanların atəşə məruz qalması haqda xəbərlər verilir.

Azərbaycan Müdafiə Nazirliyi "qazanılan nailiyyəti genişləndirmək məqsədilə" əməliyyat keçirildiyini bildirib.

“Oktyabrın 7-də Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Cəbhə xətti
Cəbhə xətti

Azərbaycan Müdafiə Nazirliyi hərbi itkilərilə bağlı indiyədək məlumat yaymayıb.

Erməni tərəfi də oktyabrın 6-da və oktyabrın 7-də döyüşlərin davam etdiyini bildirir.

Ermənistan Müdafiə Nazirliynin rəsmisi cəbhənin cənubunda, Cəbrayıl-Füzuli isiqamətində ağır döyüşlər zamanı Azərbaycan Ordusunun itkilər verdiyini bildirir. Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan Cərbrayıl istiqamətində Azərbaycan Ordusunun itkilər verdiyini deyib və bunun əks edildiyini iddia etdiyi foto və video yayıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan rəsmilərinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatları "dezinformasiya" adlandırıb və təkzib edib.

Ermənistanın rəsmi məlumatına görə, oktyabrın 7-dək son sutkada cəbhədə 40 erməni hərbiçisi öldürülüb. Dünən Ermənistan Müdafiə Nazirliyi ümumilikdə 280 hərbçisinin öldüyünü bildirib. Bununla da rəsmi mənbələrin məlumatına görə, ümumilikdə 320 erməni hərbçisi öldürülüb.

Ermənistan Müdafiə Nazirliynin rəsmisi Artsrun Hovanisyan Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan tərəfinin artilleriya zərbələrinə məruz qaldığını deyib. Onun sözlərinə görə, Ermənistan Ordusu Azərbaycanın yanacaq-sürtkü materialları olan bazasını artilleriya atəşi ilə vurub.

Rəsmi məlumatlara görə, Şuşa və Xankəndində bir neçə ev dağılıb, ancaq zərərçəkən olmayıb.

Erməni tərəfi mülki itkilərlə bağlı bu gün məlumat yaymayıb. Dünənki məlumata görə, 21 mülki şəxs öldürülüb, 82 nəfər yaralanıb.

Artilleriya zərəbsindən dağılan tikili
Artilleriya zərəbsindən dağılan tikili

Azərbaycanın rəsmi mənbələri oktyabrın 6-da və 7-də mülki əhalinin yaşayış məntəqələrinin və mülki obyektlərin erməni tərəfinin artilleriya zərbələrinə məruz qaldığını bildirir.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, oktyabrın 6-da axşam saatlarında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Yevlax şəhəri yaxınlığında (Bakıdan 295 kilometr qərb) keçdiyi əraziyə Ermənistan Ordusu tərəfindən raket zərbəsi endirlib. 300+ kaset bombası daşıyan raketlər kəmərin on metrliyinə düşüb.

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin atəşə tutulmasının davam etdirildyi barədə məlumat yayıb.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 7-dək həlak olmuş mülki şəxslərin sayı 28-ə, xəsarət alanların sayı isə 144-ə çatıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.

Oktyabrın 7-dək olan mülki itkilər
Oktyabrın 7-dək olan mülki itkilər

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin məlumatına görə, döyüşlərin davam etdiyi 27 sentyabr - 06 oktyabr tarixlərində Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərlərində, həmçinin Mingəçevir İstilik Elektirk Stansiyasının ərazisində, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığında 68 ədəd partlamamış hərbi sursat, 598 ədəd bombacıq, 3 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 2 ədəd kamikadze dron, 2 ədəd raketin mikrosxemi və 94 ədəd partlamış raket hissələri aşkar olunaraq zərəsizləşdirilib.

Azərbaycan Ordusu döyüşlərin başladığı 11 gündə erməni qüvvələrinin nəzarətində olan Murov dağ silsiləsindəki mövqeləri, Tərtər rayonunun Suqovuşan (Madagiz) qəsəbəsini, Cəbrayıl rayonunu və 20-dən çox kəndə nəzarəti ələ keçirdiyini bildirir.

Erməni rəsmiləri bu açıqlamaları təsdiq etmir.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Şərhlərə bax

XS
SM
MD
LG