Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərgin döyüşlər yeddinci gündür davam edir. Rəsmi mənbələrin məlumatına görə, qarşılıqlı atışmalar bütün təmas xətti boyunca olsa da, əsas döyüşlər cəbhənin şimal-qərbində Tərtər-Ağdərə və cənubunda Füzuli-Cəbrayıl istiqamətlərini əhatə edir.
Azərbaycan Müdafiə Nazirliyi cəbhənin şimal-qərbində üstünlüklər əldə etdiyini və bir sıra yüksəklikləri ələ keçirdiyini bildirir. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 2-si axşam saatlarınadək erməni qoşunlarının 250 ədəd artilleriya, yayılım atəşli raket sistemləri, minaatanı, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı,130-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
Ermənistan Müdafiə Nazirliyi oktyabrın 3-də bildirib ki, bir cəbhədə Ermənistan qüvvələri Azərbaycanın irimiqyaslı hücumunun qarşısını almış və əks-hücuma keçmişlər. Rəsmi məlumata əsasən erməni qüvvələrin itkiləri daha 51 nəfər artaraq 203 nəfərə çatıb. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan indiyədək 1750 Azərbaycan əsgərinin öldürüldüyünü xəbər verib.
Ermənistan rəsmilərinin sözlərinə görə, ümumilikdə Azərbaycanın döyüşlərdə 39 zirehli hərbi maşını, 6 SU-25 təyyarəsi, 3 helikopter, 17 pilotsuz uçuş aparatı vurulub.
Azərbaycan Müdafiə Nazirliyi öz hərbi itkiləri barədə hələ məlumat yaymayıb. Oktyabrın 1-də erməni tərəfinin 2,300 canlı qüvvəsinin öldürüldüyünü bildirib.
Hər iki tərəf cəbhə xəttində rəqib qüvvələrə qarşı endirilən zərbələrin videolarını yayıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan da təsdiq edib ki, oktyabrın 3-də gecədən başlayaraq qoşunların təmas xəttinin şimal və cənub istiqamətlərində gərgin döyüşlər gedir.
“Azərbaycan həmin istiqamətlərdə böyük güc toplayıb və hücuma keçib. Erməni qoşun hissələri hücumun qarşısını alır və Azərbaycan böyük itkilər verir,” Stepanyan bildirib.
Müharibə mülki insanların da itkisinə səbəb olmaqdadır.
Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, oktyabrın 3-də Azərbaycanın Tərtər və Ağdam rayonunun yaşayış məntəqələri intensiv artilleriya atəşinə məruz qalmaqdadır. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərinə görə, aprelin 2-də yalnız Tərtər rayonunda mülki əhalinin yaşadığı məntəqələrə iki mindən çox mərmi düşüb.
Prezident İlham Əliyev oktyabrın 2-də Əl-Cəzirə televiziyasına müsahibəsində bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxs həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb.
Ermənistan rəsmiləri isə oktyabrın 2-də və 3-də Dağlıq Qarabağda və Ermənistanda mülki əhalinin atəşə məruz qaldığını bildirir. İndiyədək azı 11 nəfər mülki şəxs öldürülüb, 78 nəfər yaralanıb.
Ağır döyüşlərin getdiyi bir vaxtda siyasi səviyyədə müzakirələr də davam etdirilir.
Oktyabrın 3-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Fransa prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsinə və tezliklə danışıqların aparılmasına çağırıb.
Prezident İlham Əliyev isə bildirib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub.
“Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür,” Prezident Əliyev qeyd edib.
Azərbaycan Fransa prezidentinin Azərbaycan tərəfdən Türkiyənin və Yaxın Şərqdən döyüşçülərin iştirakı ilə bağlı bəyanatlarına artıq öz münasibətini bildirib.
Prezident İlham Əliyev Əl-Cəzirə televiziyasına oktyabrın 2-də müsahibəsində deyib ki, təkcə Ermənistan deyil, "əfsuslar olsun," Fransa prezidenti də bu haqda bəyanat verib.
“O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var,” Əliyev qeyd edib.
Prezident Əliyev döyüşlərin dayandırlması ilə bağlı təkliflərə də münasibətini bildirib.
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar,” o, Əl-Cəzirəyə müsahibəsində qeyd edib.
Ermənistan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağda "ermənilərə qarşı törədilən ağır cinayətlərə" görə yüksək bədəl odəyəcək.
"ATƏT Minsk Qrupu həmsədr ölkələrin və bütün beynəlxalq ictimaiyyətin davamlı çağırışlarına məhəl qoymayaraq Azərbaycan və Türkiyə birlikdə Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək üçün irimiqyaslı əməliyyatları davam etdirirlər," deyə Ermənistan Xarici İşlər Nazirlyinin bəyanatında bildirilir.
Azərbaycanı bütün hərbi qüvvəsini döyüşlərə cəlb etməkdə ittiham edən Ermənistan rəsmiləri habelə Türkiyəni Azərbaycana hərbi yardım göstərməkdə və döyüşlərə "Yaxın Şərqin digər konflikt zonalarından xarici terrorçu döyüşülər" cəlb etməkdə ittiham edirlər.
ABŞ Dövlət Katibi Mayk Pompeo cümə günü verdiyi bəyanatda xarici döyüşçülərin Qarabağda döyüşməsinə dair məlumatlar haqda eşitdiyini, deyilənlərin qeyri-düzgün olduğunun sübut olunacağna dair ümidini ifadə edib.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.